×
A
A
A
Sazlamalar

Tərtərlilər 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

Tərtər, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər rayonunda Azərbaycan tarixinin faciəli, eyni zamanda, şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Şəhidlər abidəsi ziyarət edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə gül dəstələri qoyublar. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. Bildirib ki, 32 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədilib, günahsız insanlar qətlə yetirilib. Diqqətə çatdırıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar. Vurğulanıb ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
Tədbir iştirakçıları məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxıblar.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Regionlar 2022-01-20 15:53:00