×
A
A
A
Sazlamalar

Naxçıvan idmançıları ötən il keçirilən yarışlarda 82 medal qazanıb

Naxçıvan, 19 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənclər və idman naziri Ramil Hacı çıxışında görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, ötən il nazirliyin fəaliyyəti “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirələrdə verilən tapşırıqlara əsasən qurulub. Bu istiqamətlər üzrə il ərzində nazirlik tərəfindən 309 tədbir keçirilib. Bunlardan 120-si gənclərlə iş, 189-u isə bədən tərbiyəsi və idman sahəsini əhatə edib.
Nazir qeyd edib ki, muxtar respublikanın ilk dəfə olaraq ev sahibi kimi qəbul etdiyi “Marş İrəli” adlı hərbi simulyasiyalı layihə, gənclərin “20 Yanvar - şəhidlik zirvəsi” mövzusunda təşkil olunan onlayn konfransda iştirakı, o cümlədən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüşlər, “Hədəf” atış təlimi, hərbi-idman oyunları, atıcılıq idman növləri üzrə birinciliklər, vətənpərvərlik mövzusunda intellekt yarışları və rəsm müsabiqələri, eləcə də sosial şəbəkələrdə paylaşılan “Qəhrəmanlar unudulmur!” adlı videoçarxlar gənc nəslin vətənpərvər ruhda formalaşmasına xidmət edib.
İdman sahəsində əldə edilən uğurlardan bəhs edən Ramil Hacı bildirib ki, muxtar respublika idmançıları ölkə səviyyəli yarışlarda 47, beynəlxalq turnirlərdə 14, Avropa çempionatında 1, dünya çempionatlarında isə 20 medal olmaqla, ümumilikdə, 82 medal qazanıblar. Dünya çempionatlarında əldə olunan 6 qızıl, 8 gümüş və 6 bürünc medal Naxçıvan idmanı tarixində həm əyarına, həm də sayına görə qazanılan ən yüksək göstərici kimi qeydə alınıb. Həmçinin kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatlarına ölkə idmanı tarixində ilk dəfə olaraq muxtar respublikanın ev sahibliyi etməsi də bu sahədə qazanılan uğurlardandır.
Diqqətə çatdırılıb ki, ötən il Uzunoba Təlim-Məşq İdman Kompleksi və Ordubad Şəhər Stadionu istifadəyə verilib. Dövlət Proqramına uyğun olaraq, muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki baza müasirləşdirilir, gücləndirilir, eyni zamanda, bu istiqamətdə sahibkarlıq fəaliyyəti də dəstəklənir və pullu xidmət növləri inkişaf etdirilir. Belə ki, Kəngərli rayonunda fitnes zalı fəaliyyətə başlayıb, həmçinin Şərur rayonunun Qabıllı kəndində yeni mini futbol stadionu tikilib. Culfa rayonunun Əbrəqunus, Yaycı və Ərəzin kəndlərində cüdo, Babək rayonunun Kültəpə, Nəhəcir kəndlərində və Kəngərli rayonunun Xok kəndində güləş, Şərur rayonunda isə ağırlıqqaldırma və stolüstü tennis üzrə paralimpiya idman bölmələri yaradılıb, rayonda “Ümid” Atıcılıq Klubu və Naxçıvan şəhərindəki qolbol bölməsinin fəaliyyəti bərpa olunub.
İclasda nazirliyin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva, Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimovun, Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynovun və Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyevin illik fəaliyyət hesabatları dinlənilib, gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub.

Regionlar 2022-01-19 19:40:00