×
A
A
A
Sazlamalar

XXI əsrdə orta əsr diplomatiyası

Bakı, 19 yanvar, AZƏRTAC

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransa parlamentinin deputatlarından birinin sualına verdiyi cavabda deyib ki, sabiq nazir və Fransa prezidentliyinə namizəd xanım Valeri Pekresin Qarabağa səfəri ilə bağlı Azərbaycan Prezidentinin sözləri “forma və mahiyyət etibarilə qəbuledilməzdir”. Xatırladım ki, Valeri Pekres Laçın dəhlizinin təhlükəsizliyinə cavabdeh olan Rusiya sülhməramlılarının, deyək ki, kifayət qədər sayıq olmamasından istifadə edərək, Azərbaycan sərhəd prosedurundan yayınaraq, gizli və qanunsuz şəkildə Qarabağa gedib. Məlumat isə səfər başa çatdıqdan sonra yayılıb. V. Pekresin səfəri dar dairələrdə məşhur olan təlxək Arayik Arutunyanla görüş, hərbi qəbiristanlığa başçəkmə və ehtimala əsasən, erməni əsgərlərinin birinə məxsus məzar daşının üzərində svastikanın göründüyü uğursuz şəkillə yadda qalmışdı. Fotoşəklin özü çox bəlağətlidir, çünki o, həm Ermənistanın siyasi sisteminin mahiyyətini, həm də bir sıra Avropa siyasətçilərinin ona münasibətini parlaq şəkildə nümayiş etdirir. Sözügedən şəklin V. Pekresin özünün sosial şəbəkədəki səhifəsində dərcindən sonra erməni fəallar ixtilafla izah etməyə başlayıblar ki, “svastika qədim erməni rəmzidir”, “günəşin ari əlamətidir” və bunun nasizm simvolikası ilə heç bir əlaqəsi yoxdur. Onları məyus etməyə məcburam: həmin məzardakı rəmz birbaşa onunla bağlıdır. İkinci Dünya müharibəsindən sonra hərbi məzarların üzərindəki svastika təsviri bu qəbri tikən insanların nasist rəğbətinin birbaşa göstəricisidir. Antik dövrə aid bütün istinadlar bariz və ört-basdır edilməsi mümkün olmayan yalanlardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nigar Arpadarai deyib.
Deputat bildirib ki, dünyanın dörd əsas guşəsini və günəşin rəmzini əks etdirən, habelə xalça ornamentlərimizdə tez-tez istifadə olunan əsl qədim rəmzdən istifadə etməyə tam haqqı olan azərbaycanlılar ondan əsgər qəbri üzərində istifadə etməyi heç vaxt ağlına belə gətirməzlər. Çünki bu, nasizm, militarizm və antisemitizmlə birbaşa bağlılığı nümayiş etdirmiş olacaq. Lakin V. Pekres üçün bu açıq-aşkar nə dərs, nə də xəbərdarlıq olmuşdur. Azərbaycan Prezidentinin V. Perkresin qanunsuz səfəri ilə bağlı fikirləri kifayət qədər soyuqqanlı və tamamilə qanunauyğundur.
“Təəssüf hissi ilə qeyd etməliyəm ki, bunun səbəbi son illər, Fransa diplomatiyasının orta əsrlər dövrünə xas olan təfəkkür istiqamətində aparılmasındadır. V. Pekresin davranışı və Fransa Xarici İşlər Nazirliyinin yanaşması Şərqdə səlib yürüşləri dövrünü xatırladır. Xatırlayırsınızsa, 2020-ci il Qarabağ müharibəsi zamanı Ermənistan səlibçi və nasist rəmzlərindən çox fəal istifadə edir, tanklara və dəbilqələrə xaçlar çəkir, İrəvanda məşəl yürüşləri keçirirdi. Ermənistanda Nikol Paşinyandan tutmuş generallara qədər bütün rütbəli məmurları “xaç və xristianlığın Asiya qoşunlarından müdafiəsindən”, “Qaranlıq qüvvələrinə qarşı çıxan Ermənistan işıq ordusundan” bəhs edirdilər. Hətta barbarların əhatəsində olan sivil erməni xalqı haqqında fikirlər də səsləndirirdilər. Eyni ifadələrlə orta əsr tampliyerləri Avropa cəngavərlərini müqəddəs torpaqlar uğrunda döyüşməyə çağırırdılar. Eyni sözlərlə üçüncü Reyxin ideoloqları “Şərqə hücum” zamanı alman əsgərlərini ruhlandırdılar. Heç şübhəsiz, Avropa tarixinin bu kimi biabırçı səhifələrinin XXI əsrdə yeri yoxdur. Ermənistanın atdığı bu taktikasının çox sadə bir hədəfi var idi - Qərbdə şovinist və ortodoks əhval-ruhiyyəni hərəkətə gətirmək, yeni “səlibçilər”i və ifrat sağçı avropalıları erməni ideyası ətrafında toplamaq. Görünən odur ki, bu məkrli cəhdlər uğur gətirməkdədir. Bu gün Qərbdə ermənilərin dayağı nasist siyasətçiləridir və müharibə zamanı Ermənistanı qorumaq çağırışlarına cavab olaraq təkcə erməni əsilli deyil, xeyli sayda muzdlu və militarist axını müşahidə olunurdu. Buna baxmayaraq, bu kimi addımlar Ermənistana müharibədə yardımçı olmadı və çətin ki, müharibədən sonrakı dövrdə bir fayda versin. Əslində, Ermənistan üçün tunelin sonundakı yeganə işıq Azərbaycanla sülh sazişinin bağlanmasıdır. Üstəlik, radikallarla və ultra-sağçılarla yaxın təmaslar Ermənistan siyasi sistemini militarizm və revanşizm bataqlığına daha da qərq edəcək və orta müddətli perspektivdə Ermənistan dövlətinə daha çox ziyan vuracaq. Ələlxüsus ona görə ki, bu kimi meyillər davamlı sülh sazişinin əldə olunmasının istər-istəməz gecikməsinə təkan verəcək”, - deyə N.Arpadarai vurğulayıb.
O əlavə edib ki, Fransa siyasətində ultra sağçı qərəz o dərəcədə güclü kök buraxıb ki, o, təkcə V. Pekres kimi populist siyasətçilərə deyil, həm də rəsmi Parisə təsir edir. Ən paradoksal olanı isə odur ki, siyasətçilərin Azərbaycana qarşı Ermənistanı dəstəkləmək məqsədi daşıyan hərəkətləri, əslində, ona ancaq ziyan vurur. Nəzərə almaq lazımdır ki, Fransanın regionumuzdakı vəziyyətə real təsir göstərmək imkanı yoxdur. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra məhz Fransa fəal şəkildə Avropanın xarici siyasətində regionumuza qarşı liderliyi ələ keçirməyə, Avropa formatından dar məqsədlər üçün istifadə etməyə çalışır. Onların təsiri altında olan fransız və avropalı diplomatların hərəkətlərində, eyni zamanda, anti-Türkiyə və hətta çox vaxt da anti-Rusiya gündəmi bariz şəkildə müşahidə olunmaqdadır. Ermənistan isə bu halda kor-koranə, alver vasitəsi kimi istifadə olunur və onun real maraqları heç bir şəkildə nəzərə alınmır. Hindistan-İran-Ermənistan-Gürcüstan dəhlizi kimi açıq şəkildə proqnozlaşdırılan layihələr irəli sürülür ki, onların yeganə məqsədi 3+3 formatı kimi regional oyunçuların strateji planlarını pozmaqdır. Qarşılığında isə heç bir dəyər yaratmadan çaşqınlıq yaymaqdır.
Yuxarıda sadalananların hamısı orta əsrlər Avropa diplomatiyasının diplomatik fırıldaqlarının demək olar ki, birəbir surətidir. Şərqdə Osmanlı İmperatorluğuna problemlər yaratmaq, dini azlıqlar amilindən istifadə edərək ölkəni daxildən parçalamaq, onlara qarşı sarsıntılı ittifaqlar qurmaq, daimi intriqalar yaratmaq kimi əməllər orta əsrlərdə Avropa diplomatiyasını Şərqdə səciyyələndirilən əsas xüsusiyyətləri idi.
Sonda bir daha onu xatırlatmaq istərdim ki, yeni “səlibçilərin” bütün intriqalarına Azərbaycan Prezidenti hər zaman sakit və soyuqqanlı yanaşır. O, ardıcıl olaraq dünyanın diqqətinə çatdırır ki, Azərbaycan beynəlxalq hüquqa hörmət edən, vicdanlı dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa açıq olan və proqnozlaşdırıla bilən dövlətdir. Bu, bizə artıq nəzərəçarpacaq nəticələr verən yeganə düzgün strategiyadır və bundan sonra biz ona davamlı şəkildə sadiq qalacağıq. Fransa isə yanaşmasını dəyişməlidir. Onun apardığı xarici siyasət nə özünə, nə də dostlarına fayda verməyəcək.

Siyasət 2022-01-19 19:12:00