×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 19 yanvar, AZƏRTAC

Paytaxtın Nərimanov rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat və vətəndaş müraciəti əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma başa çatıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma nəticəsində Nərimanov rayonu Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilmiş qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağacın qanunsuz kəsilərək götürüldüyü, bununla da külli miqdarda - 11 min manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması üçün Baş Prokurorluğun istintaq idarəsinə göndərilib.

Hadisə 2022-01-19 18:54:00