×
A
A
A
Sazlamalar

“Euroasiareview” portalında dərc edilən məqalədə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərindən bəhs olunur

Bakı, 19 yanvar, AZƏRTAC

Eurasiareview.com portalında Londonda yerləşən “Henri Cekson Cəmiyyəti“ beyin mərkəzinin elmi tədqiqatçısı Taras Kuzionun Ermənistanın Türkiyə və Azərbaycan ilə münasibətlərindən bəhs edən məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə əlaqələrindən, bu münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərdən və maneələrdən, eləcə də regiondakı digər güclərin maraqlarından ətraflı danışılır. Müəllif qeyd edir ki, Ermənistan Türkiyəyə qarşı həmişə ağır ittihamlar (1915-ci il qondarma soyqırımı iddiaları) irəli sürüb, lakin hazırda Ermənistan-Türkiyə münasibətləri qaydasına düşə bilər. Ermənistan-Azərbaycan əlaqələrində isə belə bir proses hələ gözlənilmir.
Qeyd edilir ki, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Türkiyə Ermənistanın dövlət müstəqilliyini tanısa da, onunla diplomatik münasibətlər qurmadı. Buna səbəb isə Ermənistanın Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin beşdəbir hissəsini işğal etməsi idi. Ermənistanda əsas siyasi güc olan daşnaklar da Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı olublar, eyni zamanda, Şərqi Türkiyə ilə bağlı ərazi iddiaları irəli sürüblər. Təxminən 30 il bu vəziyyət dəyişməz olaraq qaldı. Ötən il Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olduqdan və Azərbaycan ərazilərindən geri çəkildikdən sonra yeni vəziyyət yaranıb.
Müəllif məqalədə Ermənistan cəmiyyətinin Qarabağ mövzusuna yanaşmasından da bəhs edir, “miatsum“ iddialarının kökündə duran işğalçılıq niyyətlərindən bəhs edir.
Bu gün Ermənistan üçün Türkiyə ilə yaxınlaşmanın Azərbaycanla müqayisədə daha mümkün görünməsində zaman faktoru da ciddi rol oynadığını vurğulayan Taras Kuzion bildirir ki, Türkiyə ilə bağlı problemlər nisbətən uzaq keçmişdə qalıb, Azərbaycanla ilə bağlı məsələ isə yaxın keçmişə aiddir. Digər tərəfdən Ermənistan cəmiyyətindəki aktual vəziyyət də Azərbaycanla normallaşma qarşısında əngəldir. Ermənistan müharibədə məğlub olduğuna görə baş nazir Nikol Paşinyan Azərbaycanla danışıqlarda zəif mövqedən çıxış edir. Bundan başqa isə daşnakların dominant olduğu diasporadan və xarici dövlətlərdən güc alan Xarici İşlər və Müdafiə nazirlikləri hökumət rəhbərinin qərarlarına tez-tez müqavimət göstərirlər. Ermənistan vətəndaş cəmiyyətinin böyük hissəsi və siyasi partiyalar da Paşinyana qarşı tənqidi mövqe tuturlar, bu da Azərbaycanla sülh müqaviləsi üçün danışıqlara başlamağa imkan vermir.
Məqalədə daha sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rus sülhməramlılarının fəaliyyətindən, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya işinin təşkili və digər mövzulara toxunulub. Qeyd edilib ki, Ermənistan iqtisadiyyatı Rusiya ilə ticarət və bu ölkədən edilən köçürmələrdən ciddi şəkildə asılıdır. Ermənistanda müharibədən sonra ölkədən gedənlərin sayı sürətlə artıb.

Siyasət 2022-01-19 18:43:00