×
A
A
A
Sazlamalar

Professor: “Deltakron” ştamının “omikron”dan 30 faiz daha yoluxdurucu olacağı ilə bağlı iddialar əsassızdır

Bakı, 19 yanvar, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı ilə yanaşı, hazırda “deltakron” ştamı da müzakirə edilir. Həmçinin “deltakron”un hibrid ştam olduğu da deyilir. Genom quruluşu “delta” ştamını xatırladan yeni variant yanvarın 9-da Kiprdə qeydə alınıb. İddia edilir ki, həmin variantda “omikron” ştamına xas olan 30 mutant dəyişikliyin 10-u müşahidə olunur. Yəni, məhz hər iki ştamın xüsusiyyətlərini daşıdığına görə onu “deltakron” adlandırıblar. İstənilən aqressiv virus ştamına xas olan mutasiya yalnız yoluxdurduğu canlı hüceyrə ilə birgə yaşayışa xidmət edən, qarşılıqlı əlaqə formasının nəticəsi kimi meydana çıxa bilər. İstənilən virus və ya eyni virus ştamlarının hədəfi yalnız canlı hüceyrənin DNT-sidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev COVID-19-un “deltakron” ştamı barədə danışarkən deyib.
Professor bildirib ki, virus ştamlarının birinin digəri ilə qarşılıqlı əlaqəsi nəticəsində yeni mutant ştam əmələ gələ bilməz: “Ümumiyyətlə iki mutant ştam bir-biri ilə kovalent rabitə ilə bağlansalar da, bunu yeni ştam adlandırmaq olmaz. Adətən belə ştamların yaşam dövrü çox qısa olur. “Deltakron”un nəinki “delta”, hətta “omikron” ştamından da 30 faiz daha yoluxdurucu olacağı ilə bağlı iddialar da əsassızdır. Yəni, digər ştamlarda olduğu kimi indi də stres, gərginlik və ruhi sarsıntıya düşməyə heç bir elmi əsas yoxdur. Vətəndaşlar normal həyatını yaşamağa davam etməlidirlər. Sadəcə unutmaq olmaz ki, gigiyenik qaydalara əməl etmək və vaksinasiyada fəal iştirak etmək vacibdir”.

Səhiyyə 2022-01-19 18:28:00