×
A
A
A
Sazlamalar

ABŞ-da daha 22 ölkəni səyahət üçün ən təhlükəli ölkələrin siyahısına daxil ediblər

Vaşinqton, 19 yanvar, AZƏRTAC

ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzi səyahət üçün ən yüksək risk səviyyəsinə malik ölkələrin siyahısına daha 22 ölkəni əlavə edərək, oraya səfər etməyi məsləhət görmür.
AZƏRTAC xəbər verir ki, səfərlər üzrə tövsiyələr müəyyən edilərkən mərkəz ölkələri dörd risk səviyyəsinə bölür. Ən yüksək, dördüncü səviyyəyə əhalisinin sayının hər 100 min nəfərinə son 28 gündə COVID-19 virusuna 500-dən çox yoluxma düşən turizm istiqamətləri aiddir. Argentina və Avstraliyanın xarici turistlərin ölkəyə girişinə sərt məhdudiyyətlər rejiminə riayət etmələrinə baxmayaraq, mərkəz çərşənbə axşamı həmin ölkələri də bu kateqoriyaya daxil edib. Bu siyahıya, həmçinin Albaniya, Baham adaları, Bəhreyn, Bermud adaları, Boliviya, Britaniya Virgin adaları, Kabo-Verde, Misir, Qrenada, Qayana, İsrail, Panama, Qətər, Sent-Kits və Nevis, Sent-Lüsiya, San-Tome və Prinsipi, Sint-Marten, Surinam, Terk və Kaykos adaları, Uruqvay da əlavə edilib. Ümumilikdə, ən yüksək risk səviyyəsinə 41 istiqamət, o cümlədən Kanada, Fransa və Böyük Britaniya kimi ölkələr daxildir.
Üçüncü risk səviyyəsinə malik ölkələr siyahısına, həmçinin yoluxanların sayının yüksək göstəricisinə sahib ölkələr də daxildir. Lakin mərkəz ən yuxarı risk səviyyəsi ilə müqayisədə bu ölkələrə tam vaksinasiya ilə girişi məsləhət görür. Qurum bu qrupa Çili, Kolumbiya və Braziliyanı aid edir.
17 ölkə “orta” riskə sahibdir ki, bu da mərkəzin müəyyən etdiyi dörd səviyyədə arasında ən az saydır.
Yanvarın 18-nə olan vəziyyətə görə, Yaponiya da daxil olmaqla 19 ölkə “aşağı” risk reytinqinə sahibdir.
Birləşmiş Ştatlara beynəlxalq reyslər edən səyahətçilər təyyarəyə minməzdən qabaq əvvəlki kimi COVID-19 testinin mənfi nəticəsini və ya koronavirusdan sağalması barədə sənədi təqdim etməlidirlər.
AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2022-01-19 13:15:00