×
A
A
A
Sazlamalar

Bülbülcan ocağının ecazı işığında

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan musiqisinin beşiyi deyəndə, gözlərimiz qarşında özünün bənzərsiz relyefi, saf iqlimi, dağlarının başına çalma təki sarılan bəmbəyaz dumanı, yaz-payız meşələrə, bağ-bağata pıçıltıtək çilənən çiskinli, yağmurlu havası, canlı bir sənət əsərini xatırladan xarıbülbülü, hüsnü-gözəlliyilə göz oxşayan, könülləri havalandıran əzəmətli Şuşa canlanır. Belə bir təbiətin qoynunda dünyaya gələn insanların bəlkə də əksərində fitrətən doğulan musiqi duyumu, heç şübhəsiz, bu əsrarlı yurdda zaman-zaman musiqiçilər nəslinin yetişməsinə vəsilə olmuşdur. Məhz bu səbəbdən də Şuşanın bənzərsiz gözəlliyinə, şəninə yaraşan adların verilməsi, bütünlükdə onun təbiətindən gələn özəlliyini, burda doğulan insanların həyat və yaşam tərzi, şəcərə tarixçələri ilə yurda şan-şöhrət gətirən böyük şəxsiyyətlərin amal və əməllərini də aydınladır. Bu səbəbdən də fərqli xüsusiyyətlərilə özgür olan vüqarlı Şuşanın “Qafqazın konservatoriyası”, “Musiqimizin, mədəniyyətimizin beşiyi”, “Qarabağın tacı”, “Qarabağın mirvarisi”, “Aristokratlar şəhəri”, “Kiçik Paris”... adlandırılması təbiidir. Görkəmli ədəbi şəxsiyyətlərin, yazıçı və şairlərin, musiqi korifeylərinin illər, qərinələr boyu maddi-mənəvi varidatı, füsunkarlığı ilə misilsiz olan bu əsrarlı məkanda doğulub əbədiyaşarlıq qazanması Yaradanın gözəl Şuşanın mövcudi-varlığına lütfü deyilmi?
Şuşa 30 ilə yaxın erməni işğalçılarının tapdağı altında inlədi... Nə xoş ki, 2020-ci ilin sentyabrında başlanan II Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında döyüşən rəşadətli Azərbaycan Ordusunun igid, qəhrəman oğullarının şücaətilə 44 günlük savaş qalibiyyətlə başa çatdı. Şuşanın azad olunduğu gün Prezidentimizin Azərbaycan xalqına gözaydınlığı verməsi, “Əziz Şuşa, sən azadsan” - deyə, ona canlı varlıq kimi müraciət etməsi Azərbaycan xalqının, eləcə də dünya azərbaycanlılarının qəlbini riqqətə gətirdi.
Ölkə başçımızın cari ilin 5 yanvar tarixində 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan etməsi haqqında imzaladığı Sərəncam Qarabağın tacı olan Şuşa şəhərinin 270 illik yubileyinin də böyük ruh yüksəkliyi ilə qeyd olunacağına xüsusi bir rəng qatdı. Şuşa yenidən dirçəlir, doğmalarının əlilə yaralarına məlhəm çəkilir. “Aristokratlar şəhəri”nin şan-şöhrətli insanları, korifey sənətkarları, ədəbiyyat, mədəniyyət xadimləri xatırlanır, ənənəvi tədbirlər azad Şuşanın həyatına daxil olur..
Mənimsə bu yazını qələmə almaqda niyyətim yaşadığımız fərəhli hadisələrdən ruhlanaraq Qarabağın ustad xanəndəsi Bülbülcan (Əbdülbağı Kərbəlayi Əli oğlu Zülalov) ocağının yetirmələrinin həyatına, sənətkar ömürlərinə işıq çiləmək, 30 ilə yaxın narahat olan ruhlarını vətənləri Şuşanın bəxtiyarlığı ilə şad etməkdir...
Bu fikirlər yazıçı, publisist Şəfəq Nasirin AZƏRTAC-a təqdim etdiyi “Bülbülcan ocağının ecazı işığında” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.
Bülbülcanın dünyaya gəlişi doğulduğu qədim Şuşanın intibah dövrünə təsadüf edir. Yəni bu dövrdə Şuşa artıq “Qafqazın konservatoriyası” adlanırdı. Hələ o dövrdə adına “Kiçik Paris” deyilən bu şəhər xalis sənətkarlar yetirən bir diyar kimi tanınırdı. Zatən, bu yurdun dağının, daşının da, səsləri musiqi sədaları kimi əks etdirməsi, körpə çığırtısının, azyaşlı uşaqların belə, zəngulə vurması, orda doğulan insanların mayasının musiqidən yoğrulduğunu düşünməyə əsas verirdi. Həmin dövrdə Şuşada böyük ziyalı, ədəbi mühiti vardı. Tanınmış xanəndə Əbdülbağı Zülalov da belə bir mühitdə doğulmuş, böyümüş, Allahın ona bəxşişi olan, ürəkləri fəth etməyə qadir xoş avazı, əzəmətli səsilə adını musiqi tariximizin səhifələrinə yazmışdı.
HAŞİYƏ: Sözün bu məqamında illərdən-illərə, dillərdən-dillərə yeriyən bir məşhur məsəl yadıma düşür. Deyirmişlər ki, “Şuşanın uşaqları ağlayanda “Segah”, güləndə “Şahnaz” üstündə gülərmişlər”. Hələ gənclik çağlarımda Firidun Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabından Şuşada doğulan, yaşayan musiqiçilərimiz, xanəndələrimiz haqqında maraqlı məlumat və əhvalatlar oxumuşdum. Bütün bunlar məndə Şuşa, onun musiqiçiləri, görkəmli sənətkarları barəsində daha çox bilgiyə malik olmağa, öyrənməyə xüsusi bir maraq oyatmışdı. Elə həmin kitabdan oxumuşdum ki, sağlamlıq ocağı kimi tanınmış Şuşada hələ XIX əsrin axırlarında həyat qaynayırdı. Hər il yay aylarında Qafqazın, Yaxın Şərqin və Orta Asiyanın hər yerindən buraya şairlər, dramaturqlar, bəstəkarlar, artistlər və musiqiçilər, həm də Rusiyada, Qərbi Avropada ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr toplaşaraq teatr tamaşaları göstərir, musiqi məclislərində iştirak edirdilər... Hər evdən, hər həyətdən, hər ağac kölgəsindən tar, kaman, ney, qarmon səsi ucalırdı...”
Təbii ki, Tiflisdə yaşadığı ilk illərdən “Bülbülcan” adını qazanmış Əbdülbağı Zülalovun görkəmli xanəndə, bu sahədə özünün məktəbini yaradan sənətkar, qürurlu şəxsiyyət kimi yetişməsində Şuşanın saf havası, can dərmanı olan sərin bulaqları, zümrüd meşələri, yamacları, musiqi mühiti olmuşdur. Mənbələrdən məlumdur ki, o, ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdır. O məktəbdə ki, orada bir çox xanəndələr, musiqiçilər yetişmişdir. Həmin dövrdə Əbdülbağı Şuşada qurulan bütün məclislərdə, hətta başqa bölgələrdə belə, təşkil olunan musiqi məclislərində iştirak etmiş, səsilə dinləyicilərini heyrətə salmışdır. Zahiri görkəmcə də yaraşıqlı, xoş simalı olan xanəndə Əbdülbağını o zaman Qafqazın mədəniyyət mərkəzi olan Tiflis ahənrüba kimi özünə çəkir. Beləliklə, 34 yaşından, həyatının 30 ilini burada yaşayır. Şuşalı xanəndənin ecazkar səsini, zövqünü, mədəniyyətini yüksək dəyərləndirən Tiflis əhlinin ona verdiyi “Bülbülcan” adını qazanır. Əbdülbağı sənətilə uğurlu, səmərəli bir həyata başlayır. Xeyriyyə məqsədilə təşkil olunan bütün konsertlərdə iştirak edir. Müntəzəm olaraq bir neçə musiqi dəstəsi yaradır. Yenə mənbələrdən öyrənirik ki, o zaman yaranan musiqiçilər dəstəsi dörd nəfərdən təşkil olunduğu halda, xanəndə Əbdülbağının dəstəsi altı nəfərdən ibarət idi. Xanəndənin tarzən Sadıqcanla yaxınlığı, birgə yoxsullar üçün təşkil olunmuş xeyriyyə konsertlərində iştirakı da ona böyük rəğbət qazandırmışdı. Hətta Tiflisdə nəşr olunan “Ziya” qəzeti də konsertlər barədə xəbərlər dərc edirdi. Bülbülcan Tiflisdə çox məşhurlaşmışdı. Bunun başlıca səbəblərindən biri o idi ki, xanəndə gürcü, erməni, kumık və fars dillərində də oxuyurdu. Olduqca güclü səsə və zənguləyə malik olan Bülbülcanın səsindəki çalarlar dinləyiciləri heyrətə salırmış. Heç bir xanəndə onun kimi zəngulə vura bilmirdi. Hətta, ustad xanəndə Cabbar Qaryağdı oğlu da etiraf edib ki, zəngulə vurmağı Əbdülbağı Zülalovdan öyrənib. “Azərbaycan xalq musiqiçiləri”ndə onun misilsiz muğam ustası, xanəndə sənətkarlığı haqqında böyük məhəbbətlə yazılmış bu sətirlər də var: “Bülbülcan “Çahargah” və “Zabul” dəstgahlarının “Hasar” və “Müxalif ” şöbələrini elə coşqun zəngulə ilə oxuyarmış ki, ona musiqiçilər arasında “Hasar-müxalifxan” deyərmişlər”.
Bülbülcanın 1921-ci ildə Bakı həyatı başlayır. Həmin ildə Azərbaycanın incəsənət ustalarının bir qrupu respublikanın rayonlarında zəhmətkeşlər qarşısında konsert verməyə göndərilir. Onların arasında xanəndə Əbdülbağı Zülalovla tarzən Qurban Pirimov da vardı. 1923-cü ildə isə Ə.Zülalovun musiqidə peşəkarlığını və 70 ilə yaxın xanəndəlik fəaliyyətini nəzərə alaraq onu Üzeyir Hacıbəylinin yaratdığı Azərbaycan Dövlət Türk Musiqi Məktəbinə dəvət edirlər. Bülbülcan səsinin və sənətinin müdrik çağında gənc xanəndələrin yetişməsində böyük cəhdlə çalışır, özü də xanəndəlik sənətini gənclik sevgisilə davam etdirir. Cabbar Qaryağdı oğlu, Musa Şuşunski, Məşədi Məmməd Fərzəliyev, şəkili Ələsgər, Vahab bəy, Molla Abbas, Seyid Şuşinski onun mükəmməl xanəndəlik sənətindən öyrəndiklərini dilə gətiriblər. 1927-ci ilin qızmar avqustunda, 86 yaşında dünyasın dəyişən Əbdülbağı Zülalov Şuşalı xanəndə olaraq xalqın yaddaşına naxışlandı.
Bülbülcanın sənətdə yaşadığı həyatı dağ başında, qaya dibində boy göstərən, ətri ətrafa yayılan tər-təzə çiçəklər kimi gözəl, rayihəli olub. Muğam sənətində hər ifasında xanəndəlik sənətinə yeni başlayırmış kimi, böyük şövqlə, ilhamla oxumaq, Uca Yaradanın Əbdülbağı Kərbəlayi Əli oğlu Zülalova – Bülbülcana lütfü idi. O, bütün ömrünü belə bir bəxtiyarlıq içində yaşadı...
Mədəniyyətimizin sevilən qanadlarından olan musiqidə səsinin ecazı ilə şöhrətin ən uca zirvəsinə yüksəlmiş xanəndə Əbdülbağı həm də açıqfikirli, alicənab, xeyirxah bir insan idi. Elə bu ümdə keyfiyyətlərinə görə də qızı Əzizənin aktrisalığa meyilini razılıqla qarşılayıb. Azərbaycan teatrının ilk milli peşəkar aktrisalarından olan Əzizə xanım 1892-ci ildə Tiflisdə doğulub. Gələcəkdə əsl sənətkar kimi yetişməsindən ötrü ilk musiqi təhsilini atasından alan qızcığaz kiçik yaşlarından qarmona həvəs göstərib. Bu alətdə gözəl ifa edən Əzizə incəsənət aləminə ürəkdən bağlı olub. Taleyin qismətindən, atası Əzizəni erkən yaşından şəkili Salmana ərə verdisə də, qızcığaz bu evlilik həyatından yar-yarımçıq qaldı. 1908-ci ildə əri dünyasını dəyişdi. Əzizə xanım 1 yaşlı körpəsilə Tiflisə, atasının evinə qayıtdı.
Əbdülbağı Zülalov bir müddət Tiflisdə, Aşqabadda yaşayandan sonra, 1919-cu ildə ailəsilə Bakıya köçür. Əzizənin sonrakı həyatına Bakı mühitinin böyük təsiri olur. Sənətdə ilk addımları Əbilov, Əli Bayramov adına klublardan keçir. 1921-ci ilin payızında isə Mirzəağa Əliyev və Hacıağa Abbasov Əzizə Məmmədovanı Bakı Türk Azad Tənqid və Təbliğ Teatrına dəvət edirlər. 1923-cü ildə isə Akademik Milli Dram Teatrının rəhbərliyi aktrisaya bu teatrda da çalışmağı təklif edir. Əbdülbağı Zülalov ocağının yaradıcılıq bulağından su içmiş Əzizə Məmmədovanı müxtəlif xarakterli rollar, müvəffəqiyyətlə keçən ömür yolu mükəmməl bir sənətkar kimi yetişdirir. Aktrisa həm Bakı Türk İşçi Teatrında, həm də Akademik Milli Teatrda çoxlu sayda rəngarəng xarakterli rolların öhdəsindən bacarıqla gəlib. Eləcə də sənədli və bədii filmlərdə rol alıb. Rolların böyük-kiçikliyindən asılı olmayaraq, hər birinə ürəklə, böyük yaradıcılıqla yanaşıb. M.F.Axundzadənin “Hacı Qara” və “Lənkəran xanın vəzir”ində Sonanın anası, Pəri xanım, Hacıbaba Nəzərli və Süleyman Rüstəmin “Qana qan”ında Səkinə, Səməd Vurğunun “Vaqif”ində Tükəzban, Cəfər Cabbarlının dramlarında Gülsüm (1905-ci ildə), Fatmanisə və Xanımnaz (“Almaz”)... və bir çox əcnəbi əsərlərində çətin və mürəkkəb rollarda müvəffəqiyyətlə oynayıb. Kinodan keçən həyatı da maraqlı olub. “Sevil” (1929), “Hacı Qara” (1929), “İsmət” (1934), “Almaz” (1936), “Bakının işıqları” (1950), “Görüş” (1955), “Qara daşlar” (1956), “Bir məhəllədən iki nəfər” (1957), “Ögey ana” (1958), “Səhər” (1960) və bir sıra başqa filmlərə çəkilib. Bu, bir həqiqətdir ki, sənətkarın zəhməti heç vaxt itmir, yaddan çıxmır. Ən azından ədəbiyyat və kino tariximizin yaddaşında yaşayır. Bu il anadan olmasının 130-cu ildönümü tamam olan aktrisa Əməkdar artist Əzizə Məmmədova da unudulmazların sırasında daim xatırlanır...
Aktrisanın qızı, bu il anadan olmasının 115-ci ildönümü tamam olacaq Azərbaycan SSR-nin Xalq artisti, teatr və kino aktrisası Sona Hacıyevanın teatrda və kinoda sənət taleyi çox maraqlı, rəngarəng olsa da böyük çətinliklərdən keçib. Bir yaşından atasını itirən qızcığaz anası və babası ilə bir qədər əvvəldə qeyd etdiyimiz kimi, Tiflisdə, Aşqabadda, 1919-cu ildən ömrünün axırınadək Bakıda yaşayıb. O, Azərbaycan teatr səhnəsinə anası ilə eyni vaxtda gəlib. 13 yaşında Bakı İşçi Teatrında S.M.Qənizadənin “Axşam səbiri xeyir olar” tamaşasında Çimnaz rolu ilə görünən Sona Hacıyevanın oyunu rəğbətlə qarşılanıb. 1923-cü ildə fəaliyyətini Azərbaycan Dövlət Teatrında davam etdirən Sona xanım Ə.Haqverdiyevin “Pəri Cadu” əsərində Səlimə obrazı ilə səhnəyə çıxır. Onun çox gözəl və güclü səsi olduğundan Opera və Balet Teatrında da çıxış edirdi. Aktrisanın yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları tamaşaçılar tərəfindən böyük sevgiylə qarşılanırdı. Qarabağlı qız muğamlarımızı elə məharətlə oxuyurmuş ki, ondan opera səhnəsində çox istifadə etməyə çalışıblar. Sona xanım geniş yaradıcılıq imkanlarına malik idi. Teatr səhnəsində klassik və müasir əsərlərdə bir-birindən çətin, fərqli rollar oynayır, başqa bir teatrda muğam oxuyur, müxtəlif janrlarda tamaşaya qoyulmuş əsərlərdə rəngarəng obrazlar yaradırdı. Müslüm Maqomayev Hüseynqulu Sarabski, Üzeyir Hacıbəyli Sona Hacıyevanın səsini bəyəndiyindən ondan daha çox istifadə ediblər. Aktrisa cəhalətin hökm sürdüyü bir vaxtda, nadanlıq mühitində tez-tez təqiblər və təzyiqlərlə üzləşirdi. Çünki Sona xanım Azərbaycan qadınının faciəsini, əzablar içində yaşadığı taleyini ürək yanğısı, qəlb ağrısı ilə oynayırdı.
Sona Hacıyeva klassik yazıçılardan M.F.Axundzadə, Ə.Haqverdiyev, H.Cavid, C.Məmmədquluzadə, S.S.Axundov, C.Cabbarlı, M.İbrahimov, M.Hüseyn, Z.Xəlil, S.Rəhman, İ.Səfərli kimi dramaturqların əsərlərində xaraktercə təzadlı obrazları səhnədə böyük məharətlə canlandırmışdı. Görün, Sona Hacıyeva səhnə həyatını kimlərlə bölüşmüşdü: Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi, Azərbaycan teatr səhnəsinin parlaq ulduzları ilə bir səhnədə və eyni tamaşada oynamaq şərəfli, həm də çətin idi... Belə söyləyirlər ki, rejissor Adil İsgəndərov Sona Hacıyeva ilə işləməyi çox sevirdi. O, tamaşalarda Sona xanıma ayıracağı rolu dəqiq və düzgün seçirdi. Bu səbəbdən də gənc aktrisanın yaratdığı obrazlar inandırıcı təsir bağışlayırdı.
60 il 200-dən artıq müxtəlif xarakterli rollara səhnə həyatı verən Sona Hacıyeva Azərbaycan kinosunda da sevilən obrazlar yaradıb. Oynadığı obrazlara özünün bənzərsiz dəst-xətilə həyat verib. Bu sırada “Bəxtiyar” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Telefonçu qız” (1962),”Sən niyə susursan?” (1966) kimi sevdiyimiz, baxdıqca baxmaq istədiyimiz filimlər...
Bülbülcan ocağının yanar közü olan sənətkarlar – qızı, nəvəsi Qarabağın ürəyi olan Şuşanın xariqüladə təbiətində doğuldular, əsl sənətkar taleyi yaşadılar və adlarını əbədi olaraq “Şuşalı sənətkarlar” kimi Azərbaycanın mədəniyyət tarixinə yazdılar.

Mədəniyyət 2022-01-19 13:03:00