×
A
A
A
Sazlamalar

Şəhidlər and yerimizdir

Şirvan, 19 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan şəhər Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan “Şəhidlər and yerimizdir” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fəridə Yəhyayeva Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar qətliama məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
Tarix müəllimi Ofeliya Zərbalıyeva çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyini xatırladıb. Bildirib ki, xalqımız bu faciəni heç zaman unutmayacaq, şəhidlərinin xatirəsini daim əziz tutacaq.
Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Xatirə Əliyeva isə bildirib ki, 32 il keçsə də, Qanlı Yanvar faciəsi unudulmur, gələcək nəsillər bu barədə ətraflı məlumatlandırılır.
Tədbir Şirvan şəhər Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüsü Nəsirova Gülnurənin “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” mövzusunda məruzəsi ilə davam edib.
Sonda Şirvan şəhər 21 nömrəli tam orta məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Regionlar 2022-01-19 12:54:00