×
A
A
A
Sazlamalar

Naxçıvan Dövlət Universitetinin rektoruna “İlin ən yaxşı universitetinin ən yaxşı rektoru” mükafatı təqdim olunub

Naxçıvan, 19 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, dosent Elbrus İsayev “Azərbaycan universitetləri” feysbuk sosial şəbəkəsində aparılan sorğuda “İlin ən yaxşı universitetinin ən yaxşı rektoru” seçilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə universitetdə mükafatlandırma mərasimi keçirilib.
Mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev ötən il ali təhsil ocağının qazandığı uğurları diqqətə çatdırıb.
Sonra universitetin tanıtım videoçarxı nümayiş olunub.
Qafqazın ən böyük təhsil səhifəsi olan “Azərbaycan universitetləri” feysbuk sosial şəbəkəsinin rəhbəri Zöhrab Süleyman qeyd edib ki, 2011-ci ildən yaradılan səhifə 11 ildir təhsil sahəsi üzrə yenilikləri cəmiyyətə çatdırır. Vurğulanıb ki, 2013-cü ildən bəri ildə iki dəfə olmaqla, keçirilən müsabiqə ali təhsil ocaqları arasında sağlam rəqabət mühitinin formalaşmasına öz müsbət təsirini göstərir. Unikallığı ilə seçilən sorğu bəyənmələrlə yanaşı, universitet və rektor haqqında yazılan müsbət rəylərlə də digərlərindən fərqlənib. 405 mindən çox izləyicisi olan səhifədə 40 faiz səs çoxluğu ilə Elbrus İsayev qalib seçilib.
NDU-nun rektoru, dosent Elbrus İsayev qazandığı uğuru muxtar respublikada ali təhsil quruculuğu istiqamətində aparılan uğurlu siyasətin bəhrəsi, universitetin nailiyyəti, ona verilən dəyər kimi səciyyələndirib. Diqqətə çatdırıb ki, muxtar respublikada elmə, təhsilə göstərilən dövlət qayğısının nəticəsində ali təhsil ocağı müxtəlif yeniliklərə imza atıb, beynəlxalq əməkdaşlıqda uğurlar əldə edib, ikili diplom layihələrinə start verib. Rektor ali təhsil ocağı üçün 2021-ci ilin bir sıra mühüm yeniliklərlə yadda qaldığını diqqətə çatdırıb.
“Azərbaycan universitetləri” feysbuk sosial şəbəkəsinin rəhbəri Zöhrab Süleyman “İlin ən yaxşı universitetinin ən yaxşı rektoru” plaketini Elbrus İsayevə təqdim edib.
Qeyd edək ki, Elbrus İsayev feysbuk, instaqram və teleqram sosial şəbəkə hesablarında qalib olub.
Tədbirdə çıxış edənlər rektoru təbrik edib, ona peşəkar və yorulmaz fəaliyyətində uğurlar arzulayıblar.

 

Regionlar 2022-01-19 12:24:00