×
A
A
A
Sazlamalar

Qəbələdə 20 Yanvar şəhidlərinin xatirəsi silsilə tədbirlərlə anılır

Qəbələ, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Qəbələ rayonunun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında silsilə anım tədbirləri davam edir.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində çıxış edənlər 20 Yanvar gününün Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Bakı şəhərinə, eləcə də respublikanın digər bölgələrinə daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçiriblər. Çıxışlarda 20 Yanvarın Azərbaycan tarixində təkcə faciə günü deyil, eyni zamanda, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıb, bu günün Azərbaycan tarixindəki rolundan danışıblar.
Sonda Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən anım tədbirinin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb. Tədbirdə çıxış edənlər Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən, həmvətənlərimizin azadlıq mübarizəsindən söz açıblar. Qeyd olunub ki, xalqımıza qarşı törədilən bu qanlı və qəddar faciəyə yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib. Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.
Sonda Mərkəzin tələbələrinin ifasında şəhidlərimizə, Vətənə həsr edilmiş şeirlər səsləndirilib, 20 Yanvar hadisələrini əks etdirən film nümayiş etdirilib.
Ümumxalq Hüzn Günü ilə əlaqədar Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbirində xalqımızın keçdiyi ağır sınaqlardan, verdiyi şəhidlərdən, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi Qələbədən bəhs edilib. Məktəb şagirdləri xalqımızın azadlıq mübarizəsini, qəhrəmanlığını tərənnüm edən şeirlər səsləndiriblər.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında stolüstü tennis üzrə xatirə turniri keçirilib. Yarışda 20 nəfər idmançı iştirak edib. Turnirin qaliblərinə idarənin diplomları təqdim olunub.

 

Regionlar 2022-01-19 12:04:00