×
A
A
A
Sazlamalar

Deputat: Fransalı nazir beynəlxalq hüquqa və diplomatik normalara hörmətsizlik edib

Bakı, 19 yanvar, AZƏRTAC
Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian dünən həddini aşan bəyanatla çıxış edib. O, yanvarın 18-də Fransa parlamentində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib. Bu azmış kimi, Azərbaycan Prezidentinin əsaslı iradlarına qərəzli və öz səviyyəsinə uyğun şəkildə münasibət bildirən, daha doğrusu, sərsəmləyən Respublikaçılar partiyasının deputatı Erik Siottinə adekvat cavab verməyib, əksinə, onun və Pekresin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı nümayiş etdirdiyi açıq hörmətsizliyə haqq qazandırmağa çalışıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev bildirib.
Deputat deyib ki, Fransanın xarici işlər naziri Jan-İv Lö Drian bununla həm beynəlxalq hüquqa, həm də diplomatik normalara kobud şəkildə hörmətsizlik edib. Çünki bu şəxs yaxşı bilir ki, bir ölkənin sərhədlərini pozmaq və qanunsuz və gizli şəkildə həmin ölkəyə daxil olmaq həm beynəlxalq, həm də milli qanunlarla qadağandır və bu, cinayət əməli hesab olunur.
“Fransanın “baş diplomatı” ən azından həmkarlarının bu qanunsuz hərəkətlərinə etiraz etməli və ya bu addımın ölkəsinin rəsmi mövqeyinə zidd olduğunu dilə gətirməli idi. Xarici işlər naziri kimi o, bunu etməyə, sadəcə, borclu idi. Ancaq o, nəinki bunu etmədi, əksinə, bu qanunsuzluğa haqq qazandıraraq Azərbaycanın Prezidentinə “dil uzatmağa” çalışdı. Artıq neçənci dəfədir ki, Fransa rəsmiləri belə cılız hərəkətləri ilə erməni diasporunun əlində oyuncağa çevrildiklərini, beynəlxalq səviyyədə qəbul edilmiş norma və prinsiplərin onlar üçün nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirirlər. Düşünürəm ki, Fransa XİN rəhbərinin bu məsuliyyətsiz bəyanatı nəinki qəbul edilməzdir, eyni zamanda, diplomatiya və beynəlxalq hüquq adına çox böyük biabırçılıqdır. Fransız nazirin bu hərəkəti yerli və beynəlxalq səviyyədə qınanmalı və qəti şəkildə pislənilməlidir”,- deyə Azay Quliyev vurğulayıb.

Siyasət 2022-01-19 11:23:00