×
A
A
A
Sazlamalar

Gəncədə 20 Yanvar şəhidlərinə həsr edilmiş ədəbi-bədii gecə təşkil olunub

Gəncə, 19 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Regional Mədəniyyət İdarəsi, Mir Cəlal Paşayev ev-muzeyi və 16 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar şəhidləri” adlı ədəbi-bədii gecə keçirilib.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Muzeyin elmi işçisi Ellada Tağıyeva “20 Yanvar şəhidləri” adlı mühazirə ilə çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Vurğulanıb ki, Azərbaycan xalqı şəhidlərini heç zaman unutmayacaq. Onlar bizim qürur mənbəyimiz və azadlıq yolumuza şölə saçan işığımızdır.
Sonra 16 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Nuray Tağıyeva, Zəhra Məmmədova, Elman Şükürov və Xankişi Ramazani şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

 

Regionlar 2022-01-19 11:22:00