×
A
A
A
Sazlamalar

Canni De Byazi ilin ən yaxşı futbolçusu nominasiya üzrə düzgün seçim edib

Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün keçirdiyi sorğuda yanılmayıb.
AZƏRTAC xəbər verir ki, italiyalı mütəxəssis ilin ən yaxşı futbolçusu nominasiya üzrə düzgün seçim edib. O, Almaniyanın "Bavariya" klubundan Robert Levandovskiyə səs verib. Altmış altı yaşlı baş məşqçi İngiltərənin "Çelsi" klubunda çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyonu ikinci, "Liverpul"dan misirli forvard Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.
Yığmanın və "Qarabağ"ın kapitanı Maksim Medvedev isə seçimində yanılıb. Otuz üç yaşlı müdafiəçi Fransanın "Paris Sen-Jermen" klubundan Kilian Mbappeni ən yaxşı hesab edib. O, Levandovskini ikinci, İngiltərənin "Çelsi" klubundan fransalı yarımmüdafiəçi Nqolo Kanteni isə üçüncü sırada göstərib.
Qeyd edək ki, Robert Levandovski FIFA-nın versiyasına əsasən ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

İdman 2022-01-18 02:31:00