×
A
A
A
Sazlamalar

“The Best”: Ötən ilin ən yaxşı kişi və qadın qapıçıları bəlli olub

Bakı, 18 yanvar, AZƏRTAC

FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, kişi qolkiperlərdən “The Best” mükafatına İngiltərənin "Çelsi" klubundan Eduar Mendi layiq görülüb. O, Fransanın "Paris Sen-Jermen" klubunun qolkiperi italiyalı Canluici Donnarumma və Almaniyanın "Bavariya" komandasının qapıçısı Manuel Noyeri qabaqlayıb.
Qadınlardan isə Fransanın "Lion" klubunun çilili qapıçısı Kristiana Endler ən yaxşı seçilib.
Kanada millisinin sabiq hücumçusu Kristin Sinkler isə FIFA-nın xüsusi mükafatını alıb.
Tədbirdə, həmçinin 2021-ci il üçün “Puşkaş” mükafatının qalibi məlum olub.
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Erik Lamelanın Premyer Liqada "Arsenal"a vurduğu qol ən yaxşı seçilib.
Mükafata Çexiya millisinin hücumçusu Patrik Şikin "Avro-2020"də Şotlandiyayaya, həmçinin Portuqaliyanın "Portu" klubunun forvardı Mehdi Tareminin UEFA Çempionlar Liqasında İngiltərənin "Çelsi" komandasına vurduğu qollar da iddia edirdi.
2021-ci ilin "fair play" mükafatının qalibi də müəyyənləşib.
Mükafata "Avro-2020"də Danimarka millisinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən yığmanın tibbi və məşqçilər heyəti layiq görülüb.
Danimarkalı tərəfdarlar isə ilin ən yaxşı azarkeşi mükafatına sahib çıxıblar.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə "Avro-2020"nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. On beş dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.

İdman 2022-01-18 02:04:00