×
A
A
A
Sazlamalar

Qoyun əti: xeyri də var, ziyanı da...

Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycanda qoyun əti digər ölkələrlə müqayisədə daha çox istehlak olunur. Onun xarakterik xüsusiyyətlərindən biri də tərkibindəki kreatinin metobolizmi ilə əlaqədar spesifik dad və qoxuya malik olmasıdır.
Həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Qoyun ətinin tərkibi heyvanın cinsi, yaşı, cinsiyyəti, qidalanması, bəslənməsi, həmçinin stres amilləri ilə əlaqədar olaraq dəyişir. Qida əhəmiyyətinə görə quzu əti daha keyfiyyətli və diyetik sayılır. Qoyun ətinin enerji dəyəri 100 qramda 190-300 kkal intervalında dəyişir. Kimyəvi tərkibinə görə qoyun əti zülallar, yağlar, ekstraktiv və mineral maddələr, fermentlər, vitaminlər, karbohidratlar, su və digər qida maddələrindən təşkil olunub”.
Onun dediyinə görə, tərkibində zülal və lestinin çox olması ilə yanaşı, karbohidrat və xolesterolun azlığına görə yağsız qoyun əti orqanizm tərəfindən asan mənimsənilir və diabet xəstələri üçün faydalıdır: “Dəmir elementi və B12 vitamini ilə zəngin olduğuna görə dəmir defisitli anemiya zamanı istehlakı xüsusən tövsiyə olunur. Tərkibində olan B qrup vitaminləri isə mərkəzi-sinir sisteminin funksiyasını tənzimləyir. Ətin tərkibində zərərli xolesterolun miqdarının az olması həm də ürək-damar sisteminin fəaliyyətini nizamlayır və aterosklerozun qarşısını alır. Bu növ ətin istehlakı hamiləlik dövründə dölün inkişafına müsbət təsir edir, çünki qoyun ətinin tərkibi fol turşusu ilə zəngindir. Mütəmadi istehlak olunan qoyun əti müxtəlif biokimyəvi prosesləri sürətləndirməklə orqanizmin müdafiə sistemini səfərbər edir”.
Qoyun ətinin faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də var. Yağlı qoyun ətində doymuş yağ turşuları çox olduğundan hipertoniya və mədə-bağırsaq xəstəlikləri zamanı istehlak məsləhət görülmür. Ətin tərkibində çox olan purin əsaslarının sidik turşusuna çevrilməsi səbəbindən oynaq, böyrək və öd kisəsi disfunksiyasından əziyyət çəkənlər üçün də istehlakı zərərlidir.

Sağlamlıq klubu 2021-12-29 18:25:00