×
A
A
A
Sazlamalar

Wi-Fi 7 texnologiyasının perspektivləri və tətbiq sahələrinə dair tədqiqatlar aparılır

Bakı, 24 dekabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı Wi-Fi 7 texnologiyasının perspektivləri və tətbiq sahələrinə həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu mövzuda institutun proqramçısı Təbriz Ağaşov çıxış edərək simsiz şəbəkə texnologiyalarının təsnifatından danışıb, onun fərdi, sensor, kiçik lokal, böyük lokal, qlobal və peyk şəbəkələr kimi növlərinin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, simsiz şəbəkə texnologiyası - nöqtədən-nöqtəyə və ya bir şəbəkə strukturu şəklində əlaqəni təmin edən texnologiyadır.
Texnologiyaların inkişaf mərhələlərindən danışan məruzəçi Wi-Fi bazarının iqtisadi dəyərinin 2018-ci ildə iki trilyon dollar olduğunu qeyd edib. O, Wi-Fi 7 texnologiyasının perspektivləri və tətbiq sahələrindən söhbət açaraq diqqətə çatdırıb ki, hazırda “Qualcomm” şirkəti standart simsiz rabitənin yeddinci nəslinin işlənib hazırlanmasını həyata keçirir.
T.Ağaşov bildirib ki, 2001-ci ildən Wi-Fi əsasən router və kompüter kimi məhsullarda tətbiq edilirdisə, 2006-cı ildən etibarən telefon, TV, oyun və planşetlərdə və kameralarda Wi-Fi tətbiqində kəskin artım müşahidə olunur. Son beş il ərzində siyahıya bir neçə məhsul kateqoriyası əlavə edilib. Məsələn, binaların, ağıllı evlərin və digər kateqoriyaların, o cümlədən istilik, işıqlandırma, nəqliyyat vasitələri və digər qurğularda göstərə bilərik.
Wi-Fi 7 texnologiyasının tətbiq sahələrindən bəhs edən tədqiqatçı bu siyahıya video yayımı, video və ya səsli konfrans, onlayn oyunlar, sənaye və əşyaların interneti, eləcə də interaktiv teletibbin daxil olduğunu söyləyib.
Sonda tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

Texnologiya 2021-12-24 16:48:00