×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq etdi

Tokio, 23 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev bütün dünya azərbaycanlılarının lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq etdi. Hakimiyyətdə olduğu illərdə dövlətimizin başçısı nəinki Azərbaycanı regionun liderinə çevirdi, həmçinin işğal altında olan torpaqları düşmən tapdağından azad etdi.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər deyib.
Azərbaycanın tarixi baxımdan çox gənc dövlət olduğunu xatırladan Xəlil Kələntər keçmiş Sovet İttifaqının dağılmasından sonra müstəqil dövlətçiliyin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin əvəzedilməz xidmətlərini vurğulayıb. Qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev məhz Ulu Öndərin strateji inkişaf xəttini yaradıcı şəkildə həyata keçirərək böyük sosial-iqtisadi inkişafa nail olub. Azərbaycanın malik olduğu zəngin təbii ehtiyatlardan bacarıqla istifadə edərək Azərbaycan dövlətini bütün dünya azərbaycanlılarının ümid, pənah yerinə çevirib. Sürətli sosial-iqtisadi inkişafa nail olmaqla yanaşı, peşəkar diplomatik fəaliyyəti ilə Azərbaycanı dünya dövlətlərinin etibarlı və sadiq tərəfdaşı edib. Azərbaycan regionda sürətlə inkişaf edən ölkəyə çevrilməklə yanaşı, həm də müasir beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi və geostrateji yer tutub, böyük nüfuz qazanıb.
Diaspor rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyev atasının yolu ilə gedərək Azərbaycanda sosial-iqtisadi, mədəni-humanitar sahələrin inkişafına, buradakı müxtəlif xalqların nümayəndələrinin sülh və dini tolerantlıq şəraitində yaşamasına nail olub. Dövlətimizin başçısı, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sıx birliyini, vahid ideya uğrunda həmrəyliyini təmin edib.
X.Kələntər deyib: “30 ilə yaxın bir müddətdə davam edən, dünya azərbaycanlılarının kədər mənbəyinə çevrilən Qarabağ problemini həll etməsi Prezident İlham Əliyevin dünya miqyasında böyük nüfuza malik lider olduğunu təsdiq etdi. Azərbaycan rəhbərliyi həmin dövr ərzində ölkənin ərazi bütövlüyünü dinc yolla həll etməyə çalışdı. Lakin dünyanın aparıcı dövlətlərinin və təşkilatlarının laqeydliyi, ata-baba yurdlarından didərgin düşən bir milyon adamın taleyinə biganəliyi problemin sülh yolu ilə həllinə imkan vermədi. Nəticədə Ermənistan ordusunun növbəti təxribatlarından sonra ötən ilin payızında genişmiqyaslı hərbi əməliyyatlar başlandı. Dünyanın böyük dövlətlərinin yaratdığı ATƏT-in Minsk qrupunun uzun illər ərzində həll edə bilmədiyi problemi dövlətimizin başçısı cəmi 44 günə həll etdi.
Həmin ağır günlərdə dövlətimizin başçısı İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi yüksək iradə və prinsipiallıq nümayiş etdirdi. Onun xarici siyasətdə əzmi və praqmatik mövqeyi nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi və işğal olunan torpaqların azad olunması ilə başa çatdı. Prezident İlham Əliyev bununla bütün dünya azərbaycanlılarının uzun illər gözlədiyi həsrətə son qoydu, ata vəsiyyətini uğurla həyata keçirdi”.
Diaspor rəhbəri əlavə edib ki, bu gün azad edilmiş torpaqlarda böyük bərpa və quruculuq işləri aparılır. Yeni yollar, beynəlxalq səviyyəli aeroportlar tikilir. Azərbaycanın qardaşı olan türk dövlətləri ilə yanaşı, dost dövlətlər də bu işə öz töhfələrini verir. Bu işdə Yaponiya şirkətləri də yaxından iştirak edirlər. Azərbaycanda “yaşıl” enerjidən istifadə, “ağıllı” şəhər və kəndlərin salınması məqsədilə öz təcrübələrini bölüşür, malik olduqları yeni texnologiyaları tətbiq edirlər. Hazırda iki dost dövlət arasında iqtisadi, yeni texnologiyalar, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün lazımi addımlar atılır.
Xəlil Kələntər sonda fürsətdən istifadə edərək Azərbaycan-Yaponiya Dostluq Mərkəzi adından Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, sevimli Vətənimizin inkişafı naminə gördüyü böyük işlərdə ona uğurlar arzulayıb, Yaponiyada yaşayan azərbaycanlıların ən xoş arzularını çatdırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2021-12-23 16:29:00