×
A
A
A
Sazlamalar

İynəbatırma və onun tətbiq sahələri

Bakı, 9 dekabr, AZƏRTAC
Qədim Çin təbabətinin müalicə üsullarından biri olan iynəbatırmadan hələ eramızdan əvvəl III əsrdə istifadə olunmağa başlanılıb. İndi istifadə olunan metal iynəni əvvəllər kənarları iti olan daşlar əvəz edirdi. Zaman keçdikcə öz əhəmiyyətini itirməyən iynəbatırma Çindən Avropaya, daha sonra isə okeanın o tayına adlayıb. 1991-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilən həmin müalicə üsuluna müraciət edənlərin sayı ildən-ilə artır.
Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova AZƏRTAC-a deyib: “Mikroiynələr bədəndə bir sıra həssas sinirlərə batırılaraq bir çox xəstəliklərin müalicəsi zamanı tətbiq olunur. Prosesin həyata keçirilməsi mütləq peşəkar həkimlər tərəfindən aparılmalıdır. Əks halda bu, müəyyən fəsadlar yarada bilər. Orqanizmdə tarazlığın pozulması zamanı xəstəliklər meydana çıxır, yəni enerji axınının pozulması nəticəsində xroniki xəstəliklər formalaşır. İynəbatırmanın da əsas nəzəriyyəsi enerji axınının paylanılmasında olan problemləri aradan qaldırmaqdır”.
Ümumi müalicəsi 10-15 seans arasında dəyişən iynəbatırma müalicəsi zamanı bədənə 10-a yaxın iynə batırılır. Bir seans təxminən 30-40 dəqiqə davam edir. Mütəxəssislərin dediyinə görə, müasir tibdə iynəbatırmanın başqa metodları ilə də müalicə etmək mümkündür.
“İynəbatırma zamanı, həmçinin lazer şüası, sadə xüsusi nazik iynəciklər və mikroiynələrdən də istifadə olana bilər. Batırılan iynələr endorfin adlanan çox güclü ağrıkəsicilərin meydana çıxmasına, sintezinə səbəb olur və həmin endorfinlər orqanizmdə sintez olunaraq müxtəlif dərəcəli ağrıların müalicəsində köməyə çatır. Panik atak, depressiyalar, başağrıları, gərginlik və miqren başağrıları, onurğanın qamət pozulmaları ilə əlaqədar ağrıları iynəbatırma ilə aradan qaldırmaq mümkündür”, - deyə həmsöhbətimiz bildirib.
Müasir dərman vasitələrindən fərqli olaraq iynəbatırma heç bir əlavə fəsad vermir. İynəbatırma ilə müalicə nəticəsində maddələr mübadiləsi, ürək-damar, tənəffüs, mədə-bağırsaq, qanda laxtalanma prosesi, mərkəzi sinir sisteminin fəaliyyəti yaxşılaşır və antidepressiv təsir göstərir.

 

Sağlamlıq klubu 2021-12-09 12:12:00