×
A
A
A
Sazlamalar

STEAM Azərbaycan Festivalına start verilir

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da STEAM Azərbaycan Festivalına start verilir. Nazirliyin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində nəzərdə tutulan yarışlar “STEAM Open (Makerthon)”, “Hackaton”, “Micro:bit”, “Lego Sumo senior”, “Lego Sumo junior”, “Line folower”, “3D Cad”, “Short movie”, “Edu dron”, “Humanoid robot” kateqoriyaları üzrə reallaşacaq. Əlavə olaraq iştirakçılar kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olacaq, oyunun aktiv iştirakçısına çevrilə bilmək imkanı qazanacaqlar. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.
Qeyd edək ki, STEAM layihəsi çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.
Festivalın rəsmi açılışından sonra kateqoriyalar üzrə yarışlara start veriləcək. Dekabrın 10-da isə həvəsləndirici yarışların təşkili və qalib komandaların mükafatlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.

Texnologiya 2021-12-09 09:55:00