×
A
A
A
Sazlamalar

Azərbaycanın mədəniyyət naziri II Ali Təhsil və Elmi-Tədqiqatlar üzrə Qlobal Forumda iştirak edib

Qahirə, 8 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Misirin yeni inzibati paytaxtında keçirilən II Ali Təhsil və Elmi-Tədqiqatlar üzrə Qlobal Forumda və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) XIV Baş Konfransının sessiyasında iştirak edib.
Azərbaycanın mədəniyyət naziri Baş Konfransın sessiyası çərçivəsində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Misirin ali təhsil və elmi tədqiqatlar naziri Xalid Əbdel Ğaffar və bu ölkənin baş müftisi Şövki Allam ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, 51 üzv ölkədən 49 nümayəndənin iştirak etdiyi tədbirin açılışında Misir Prezidenti Əbdülfəttah əl-Sisi, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış ediblər.
Tədbirdə A.Kərimovun çıxışında Misirin paytaxtı qədim Qahirədə keçirilən mötəbər tədbirdə iştirak etməkdən məmnunluq ifadə olunub. Əzəli torpaqlarımız olan Qarabağda 30 illik işğal müddətində dağıdılmış, məhv edilmiş maddi və mənəvi irsimiz, tarixi abidələrimiz, dini məbədlərimiz barədə geniş təqdimatla birgə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin Qarabağ ərazisində yerləşən muzeylərimizə qarşı törədilən mənəvi terrordan da söz açılıb, erməni işğalçılarının oğurladığı, talan etdiyi eksponatların acı taleyindən bəhs edilib.
Çıxışda Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi barədə söz açılıb, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğu bildirilib. Ölkəmizin bölgədə sülhü, əmin-amanlığı qorumaq üçün bir sıra mühüm layihələrə imza atdığı diqqətə çatdırılaraq, bu istiqamətdə görülən işlər barədə məlumat verilib. Həmçinin qeyd olunub ki, Azərbaycan dövləti öz ərazisində yaşayan bir sıra xalqların mədəniyyətinə, dilinə və dininə böyük ehtiramla yanaşan çoxmədəniyyətli ölkədir. Sırf bu baxımdan bizim üçün bölgədə sülhü təmin etmək ali vəzifədir.
Çıxış konfrans iştirakçılarının dərin marağına səbəb olub.
Tədbir çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi də açılıb. Sərgidə Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan videoçarxlar, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsi, Qarabağ, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında dolğun məlumatlar təqdim olunur, həmçinin ziyarətçilərə ölkəmiz haqqında kitablar paylanılır.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Mədəniyyət 2021-12-08 23:03:00