×
A
A
A
Sazlamalar

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş şahmat turnirinin qalibləri mükafatlandırılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Vətən müharibəsi şəhidi Oktay Ağabəyovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) mükafatlandırılması mərasimi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Baş İdarənin rəis müavini Aydın Yusifov tədbirdə çıxış edərək Vətən uğrunda canlarından keçən igid oğulların xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını deyib. O, belə vətənpərvər oğul böyütdükləri üçün şəhidimizin valideynlərinə minnətdarlığını bildirib. A.Yusifov şəhidlərimizin xatirəsinin yaşadılması, onların qəhrəmanlıqlarının təbliği məqsədilə Baş İdarə tərəfindən silsilə tədbirlərin və turnirlərin keçirildiyini qeyd edib.
Şəhid Oktay Ağabəyovun atası Baxşəli Ağabəyov idmançılara uğurlar arzulayıb, şəhidlərimizin xatirəsinin əziz tutulmasına görə minnətdarlığını bildirib.
Paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, turnirin baş hakimi Fidan Talıbova və digərləri də çıxışlarında şəhidlərimizin xatirəsinin daim yaşayacağını bildirib, iştirakçılara uğurlar arzulayıblar.
Sonda qaliblər Baş İdarə tərəfindən medallar və xatirə diplomları təqdim olunub.
“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Oqtay Ağabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə vuruşub, böyük şücaət, igidlik nümayiş etdirib, şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Oqtay Ağabəyov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sosial 2021-12-08 21:28:00