×
A
A
A
Sazlamalar

“Beynəlxalq həftə” layihəsi çərçivəsində növbəti tədbir: “Böyük Britaniya günü”

Naxçıvan, 8 dekabr, AZƏRTAC

“Naxçıvan” Universitetinin “Beynəlxalq həftə” layihəsi çərçivəsində “Böyük Britaniya günü” təşkil olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener-Trexo və təşkilatın imtahan xidmətləri üzrə meneceri Nərgiz Əkbərova tədbirdə iştirak ediblər.
“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva əvvəlcə qonaqları universitetlə tanış edib, ali təhsil ocağının strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı ətraflı məlumat verib.
Rektor tədbirdəki çıxışında bildirib ki, Britaniya Şurasının nəzdində Oksford Universitetinin təşkilatçılığı ilə keçirilən “Orta əsr Azərbaycandakı şəhər icmaları” mövzusunda konfransda “Naxçıvan” Universiteti də təmsil olunub. Universitetdə “Xarici dil müəllimliyi”, “İngilis dili üzrə tərcümə” ixtisaslarının tədris olunduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, bu ixtisaslarda 400-dən çox tələbə təhsil alır. Universitetdə ingilis dilinin tədrisi ən müasir tələblər əsasında təşkil olunur.
Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener Trexo “Naxçıvan” Universitetinin elmin, təhsilin tərəqqisi, müasir texnologiyaların tətbiqi, yeni tədris üsullarının mənimsənilməsi istiqamətində böyük inkişaf yolu keçdiyini bildirib. Direktor çıxışında elm-təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar, elmi toplantılar təşkil etmək məsələlərindən və birgə əməkdaşlığın perspektivlərindən söhbət açıb.
Tədbirin bədii hissəsində universitetin Xarici dil müəllimliyi ixtisası üzrə tələbələrin səsləndirdiyi şeir və mahnılar maraqla qarşılanıb.
Tələbələrin təqdimatında səhnəcik və film nümayiş olunub.
Qeyd edək ki, “Naxçıvan” Universitetində dekabrın 6-dan start götürən “Beynəlxalq həftə” layihəsinə sabah keçiriləcək “Almaniya günü” ilə yekun vurulacaq.

Regionlar 2021-12-08 19:02:00