×
A
A
A
Sazlamalar

Baş Prokurorluğunun əməkdaşı Bolqarıstanda səfərdə olub

Bakı, 8 dekabr, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiyada INTERPOL-un “Geiger” layihəsinin işçi qrupunun Qara dəniz, Qafqaz və Mərkəzi Asiya regionlarının müvafiq strukturlarının nümayəndələri ilə görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, radioloji və nüvə terrorçuluğu ilə mübarizə məsələlərini əhatə edən “Geiger” layihəsi üzrə işçi qrupun məqsədi, regional və qlobal səviyyələrdə məlumat mübadiləsini artırmaqla radioloji və nüvə terrorçuluğu təhlükəsinin qarşısının alınmasında üzv ölkələrə yardım etməkdən ibarətdir.
Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Kamran Həsənov ölkəmizin terrorçuluğa qarşı mübarizəyə fəal töhfə verdiyi qeyd edərək, dövlətin hüquq-mühafizə sistemi haqqında ətraflı məlumat verib. O, milli qanunvericilikdə terrorçuluq, radioaktiv materiallarla qanunsuz davranma, onların talanması və hədə-qorxu ilə tələb edilməsi ilə bağlı işlərin ibtidai istintaqı zamanı prokurorluğun rolu və üzərinə düşən vəzifələr haqqında danışıb.
Görüşün yekununda INTERPOL nümayəndələri ilə ikitərəfli görüş keçirilib və “Geiger” layihəsi çərçivəsində yaradılacaq analitik altqrupun əməkdaşlıq istiqamətlərinin perspektivləri müzakirə edilib.

Sosial 2021-12-08 19:04:00