×
A
A
A
Sazlamalar

“Azərbaycan İnvestisiya Şirkəti” müsabiqə elan edib

Bakı, 8 dekabr, AZƏRTAC

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Ağdam rayonunda yerləşən Şahbulaq əhəngdaşı yatağının istismar edilərək mişar daşı istehsalı layihəsinə investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair müsabiqə elan edib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır. Müsabiqə üzrə seçimə dəvət qeyd olunan sənədlər təqdim edildikdən sonra aparılacaq: İddiaçının tam adı, hüquqi statusu. Hüquqi şəxsdirsə, nizamnamə, VÖEN şəhadətnaməsi və dövlət reyestrindən çıxarış, fiziki şəxsdirsə, şəxsiyyəti təsdiq edən sənəd və VÖEN şəhadətnaməsi; Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; İddiaçının maliyyə dayanıqlılığı (son 3 ildə biznes dövriyyəsinin ardıcıl olaraq 1 milyon manatdan çox olmaqla maliyyə vəziyyəti haqqında bank arayışı və maliyyə hesabatları); İddiaçının biznes idarəçiliyi, komandası, (o cümlədən faydalı qazıntı yataqlarının istismarında) müvafiq layihələrdə iştirakına dair təcrübəsini təsdiqləyən məlumatlar; (həmçinin bura daxildir: dağ-mədən sahəsində fəaliyyət göstərən ixtisaslı kadrlar, maddi-texniki bazası və s)
Seçilmiş investorla birlikdə yaradılacaq hüquqi şəxsin səhm kapitalında AİŞ-in iştirak payı maksimum 30 faizdir. Eyni zamanda, layihənin icrasına başlandıqdan 5-7 il sonra (maliyyə modelinə uyğun olaraq tərəflər arasında qabaqcadan razılaşdırılır) AİŞ-in payı əsas səhmdarlar tərəfindən satın alınmalıdır.
Müsabiqədə iştirak etməkdə maraqlı olan investorlar dekabrın 20-si saat 17:00-dək qeyd olunan sənədləri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin ünvanına təqdim edə bilərlər. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaq.

Regionlar 2021-12-08 18:40:00