×
A
A
A
Sazlamalar

Şirvanda ümumi tutumu 19 min kubmetr olan 4 su anbarı inşa ediləcək

Bakı, 8 dekabr, AZƏRTAC

Şirvanda ümumi tutumu 19 min kubmetr olan 4 su anbarı inşa ediləcək.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, Şirvan şəhərində içməli su və kanalizasiya layihəsinin icrası çərçivəsində görülmüş işlər və perspektiv vəzifələr Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən təqdimat zamanı ətraflı müzakirə olunub. Tədbirdə ASC-nin sədr müavini Etibar Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhərindən millət vəkili seçilmiş İltizam Yusifov, podrat təşkilatın nümayəndələri iştirak edib.
Şirvanın içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin təqdimatı zamanı qeyd edilib ki, 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsindən sonra şəhərdaxili şəbəkələrin mərhələlərlə yenidən qurulması işlərinə başlanılıb. Təsdiqlənmiş layihəyə uyğun olaraq 2021-ci ildə Şirvan şəhərində 7 kilometr içməli su və kanalizasiya şəbəkəsi, ümumilikdə isə 100 kilometrdən çox içməli su, 11 kilometr tullantı su şəbəkəsi yenilənib, 12 minədək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Şəhərdəki çoxmənzilli yaşayış binalarının daxili sistemlərinin yenidən qurulması su təchizatının fasiləsiz rejimə keçirilməsinə imkan yaradıb.
Ötən müddətdə Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Çılpaqlı, Yeni yaşayış massivlərinin, həmçinin şəhərin relyef baxımından yüksəklikdə yerləşən məhəllələrinin də içməli su təchizatı yaxşılaşıb.
Şirvan şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi növbəti illərdə də davam etdiriləcək. Perspektiv layihəyə əsasən, ümumilikdə Şirvan şəhərində 257 kilometr içməli su və 228 kilometr tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Eyni zamanda, şəhərin dayanıqlı su təchizatı məqsədilə ümumi tutumu 19 min kubmetr olan 4 su anbarı inşa olunacaq.
Şirvan şəhərində formalaşan tullantı sularının kənarlaşdırılması məqsədilə layihə çərçivəsində tullantı sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulur. Bu qurğuda Hacıqabul şəhərində formalaşan tullantı suları da təmizlənib zərərsizləşdiriləcək.

Regionlar 2021-12-08 18:14:00