×
A
A
A
Sazlamalar

Naxçıvanda bədən tərbiyəsi və idman sahəsində ixtisaslı kadrların hazırlanmasına diqqətlə yanaşılır

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində Gənclər və İdman Nazirliyinin hamiliyinə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosu bildirilib ki, fakültənin dekanı Vəli Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamlarının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu, bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də ixtisaslı kadrların təcrübə və bacarıqlarının, karyera imkanlarının artırılmasına hərtərəfli şərait yaradıb. Universitetin müasir idman infrastrukturu, təcrübəli müəllim heyəti və idman sahəsinə aid müxtəlif metodik vəsaitlərin mövcudluğu da bu sahədə ixtisaslı kadr hazırlığının səmərəli təşkilinə güclü təkan verir.
Müvafiq dövlət sənədləri ilə bağlı həyata keçirilən tədbirlər barədə danışan nazirliyin şöbə müdiri Taleh İbrahimov bildirib ki, tələbələrin xizəksürmə təlimi, “Hədəf” atış təlimi və “Vətən naminə” hərbi-idman oyununda, futbol və futzal hakimliyi ilə bağlı seminar və kurslarda iştirakı təmin edilib. İxtisas hazırlığının, nümunəvi tədrisin təşkilinə dəstək olmaq məqsədilə Naxçıvan Dövlət Universitetinə yeni idman avadanlıqları təqdim olunub. Tələbələrlə mütəmadi görüşlər keçirilir, uğurları ilə fərqlənənlər mükafatlandırılır. Bununla yanaşı, müxtəlif idman növləri üzrə peşəkar karyera quran tələbə idmançıların beynəlxalq arenaya çıxışı təmin olunur, bu da öz növbəsində onların həmin sahələrdə təcrübə qazanmalarına yol açır.
Qeyd edilib ki, muxtar respublika idmanında kadr ehtiyatının zənginləşdirilməsi istiqamətində ən önəmli amillərdən biri də bu sahədə səmərəli fəaliyyət mexanizminin tətbiq olunmasıdır. Bunun üçün də hər bir tələbə və ya idmançı öz sahəsini dərindən öyrənməli və bacarıqlarını təkmilləşdirməlidir.
Diskussiya şəraitində davam edən tədbirdə müəllim və tələbələrin fikirləri dinlənilib, ali təhsil sonrası karyera və iş imkanları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Regionlar 2021-12-08 18:07:00