×
A
A
A
Sazlamalar

Deputat: Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın tələbinin ədalətli olduğunu öz qərarı ilə təsdiqlədi

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın qaldırdığı iddia ilə bağlı qəbul etdiyi qərarı ölkəmizin növbəti uğuru kimi dəyərləndirmək olar. Belə ki, Məhkəmə Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Azərbaycan 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad etdi. Ölkəmizin müharibədən sonra səmimi qonşuluq münasibətlərinin yaranmasına xidmət edəcək Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açıldığını bildirməsinə baxmayaraq, çox təəssüf ki, qarşı tərəfdən bizim çağırışımıza müsbət cavab verilmədi. Hətta əvəzində düşmənçiliyi qızışdıran şüarlar səsləndirildi. Bu proseslər hələ də davam etməkdədir. Həmçinin Ermənistanda türklərə və azərbaycanlılara qarşı nifrəti və düşmənçiliyi təşviq edən siyasət yürüdülür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat deyib: “Beynəlxalq Ədalət Məhkəməsi qaldırdığımız faktları təhlil edib və müzakirələr apararaq Azərbaycanın tələbinin ədalətli olduğunu öz qərarı ilə təsdiqləyib. Təbii ki, Beynəlxalq Ədalət Məhkəməsi qarşısında qaldıracağımız çoxlu məsələlər var ki, bunlar da ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrlə bağlıdır.
Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddiasına da baxılmış və tələbinin heç bir əsasının olmadığı bildirilərək rədd edilmişdir. Ermənistanın iddiası Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılmasına, habelə Bakıdakı Hərbi Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər olmuşdur. Mövcud vəziyyət ondan ibarətdir ki, Azərbaycan Ermənistandan fərqli olaraq tolerant ölkədir. Azərbaycanın tolerant və multikultural siyasəti dünya tərəfindən tanınır. Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadığı halda, ölkəmizdə 10 minlərlə erməni yaşayır. Həmçinin Azərbaycanda yaşayan ermənilərə qarşı heç bir təzyiq və ya ayrı-seçkilik yoxdur. Onlar özlərini Azərbaycanın tamhüquqlu vətəndaşları kimi hiss edirlər. Hətta 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında böyük itkilərə məruz qalan Ermənistan Gəncəni raket atəşinə tutmuş və bu atəş nəticəsində ölənlərdən biri də erməni əsilli Azərbaycan vətəndaşı olmuşdur. Müharibə vaxtı Ermənistanın keçmiş müdafiə nazirin bacısının Azərbaycanda olduğu məlum olmuşdur. Vaxtilə ermənilər Ermənistanda yaşayan azərbaycanlıları məqsədli şəkildə qovaraq etnik təmizlənmə həyata keçirmişlər. Məhz etnik təmizlənmə və diskriminasiya nəticəsində Ermənistan monoetnik ölkəyə çevrilmişdir. Həm də bu illər ərzində Ermənistan azərbaycanlılara qarşı soyqırımlar törətdiyi kimi, işğal etdiyi ərazilərimizdəki mədəniyyət və tarixi abidələrimizə qarşı da vandallıq edib.
“Tarix heç nəyi unutmur. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bütün cinayət əməlləri rəsmiləşdirilir və beynəlxalq hüquq müstəvisində tədbirlərin görülməsi üçün hüququ baza formalaşdırılır. Düşünürəm ki, yaxın vaxtlarda Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı qaldırdığı yeni iddialar haqqında qərarların verildiyini də müşahidə edəcəyik”, - deyə A.Badamov əlavə edib.

Siyasət 2021-12-08 18:00:00