×
A
A
A
Sazlamalar

Cari ildə hərraclarda 16 faydalı qazıntı yatağı özəlləşdirilib

Bakı, 8 dekabr, AZƏRTAC

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı dekabrın 6-da baş tutan hərracda Xızı rayonunda yerləşən “Sitalçay” qum-çınqıl yatağının, “Yeni Yaşma I” qum yatağının müvafiq olaraq 76 hektar və 5,5 hektar, Ağsu rayonunun “Sulutçay” qum-çınqıl yatağının 20 hektar, Göygöl rayonunun “Üçtəpə-Qızılqaya” qranit yatağının 2,14 hektar, Salyan rayonunun “Salyan” gil yatağının 5 hektar sahəsi istifadəyə verilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sitalçay” qum-çınqıl yatağının LOT-2 və LOT-3 üzrə hərracı rəqabətli keçib.
Başlanğıc qiyməti 42 min manat olan LOT-2 üzrə edilən son təklif 65 min 700 manat olub. Bununla yanaşı, başlanğıc qiyməti 42 min manat olan LOT-3 üzrə edilən ən son təklif 65 min 800 manatadək yüksəlib.
“Sitalçay” qum-çınqıl yatağının LOT-2, LOT-3, LOT-4, LOT-5 üzrə qalibi “17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, LOT-6 üzrə isə “MSDİS HOLDİNG” MMC olub.
“Sulutçay” qum-çınqıl yatağı üzrə keçirilən hərracın qalibi Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC, “Üçtəpə-Qızılqaya” qranit yatağı üzrə qalib “NB SERAMİC” MMC, “Yeni Yaşma I” qum yatağı üzrə qalib “KLV” MMC, “Salyan” gil yatağı üzrə keçirilən hərracın qalibi isə “AZƏRİÇİN TMİ” MMC olub.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar dekabrın 9-u, 14-ü və 24-də keçiriləcək. Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı cari ildən keçirilməyə başlayan hərraclarda 16 faydalı qazıntı yatağı istismara verilib.

 

İqtisadiyyat 2021-12-08 17:58:00