×
A
A
A
Sazlamalar

Milli Məclisin deputatı tələbələrin suallarını cavablandırıb

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tarix elmləri doktoru professor Anar İsgəndərovun tələbələrlə görüşü keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov görüşün ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ərəfəsinə təsadüf etdiyini bildirib. Sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anar İsgəndərov dəvətə görə universitetin rəhbərliyinə təşəkkür edib, tələbələrlə ünsiyyətindən hər zaman məmnun olduğunu söyləyib. O, Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər salıb, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan parlamentinin təsisi, dahi rəhbər Heydər Əliyevin siyasi fəaliyyəti, 44 gün davam edən Vətən müharibəsi və şanlı Qələbəmiz haqqında ətraflı danışıb və gəncləri vətənpərvər olmağa səsləyib. Professor ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yeri olduğunu qeyd edib. Yüksək insani keyfiyyətlərinə, mükəmməl idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyevin dünyada nadir tarixi şəxsiyyətlər sırasında olduğunu bildirib. Alim bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülünün əsas qurucusunun ümummilli lider Heydər Əliyev olduğunu deyib. Qeyd edib ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı miras qoydu.
“Birinci Qarabağ müharibəsindən fərqli olaraq Vətən müharibəsi zamanı Azərbaycanda xalq-dövlət birliyi mövcud idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, məhz xalq-ordu-dövlət birliyi sayəsində “dəmir yumruğu” formalaşdırmaq mümkün oldu. Nəticədə 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan öz haqqını bütün dünyaya bəyan edə bildi, düşməni Azərbaycan torpaqlarından qovdu və noyabrın 10-da Ermənistanın danışıqsız təslim olunması haqqında Bəyanat imzalandı”, - deyə deputat qeyd edib.
Diskussiya formatında davam edən görüşdə tələbələrin sualları cavablandırılıb.

Elm və təhsil 2021-12-08 17:46:00