×
A
A
A
Sazlamalar

Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinə əcnəbilərlə bağlı 370 müraciət daxil olub

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay da davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 26 əcnəbi aşkarlanaraq qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 668 müraciət edilib. Onlardan 370-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 298 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 96-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

Regionlar 2021-12-08 17:08:00