×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 10-11-də Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konfransın Təşkilat Komitəsinə MDU ilə yanaşı, Türkiyə, Ukrayna, Çin, Litva, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğız Respublikası, İsveç və Sloveniyanı təmsil edən universitetlərin alimləri daxildir.
Konfransın əsas məqsədi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Azərbaycan əsgərinin şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla, müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarətdir. Konfrans Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir.
Beynəlxalq konfransa 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, 14 xarici ölkənin 35 universitetindən 462 tezis və məqalə daxil olub.
Proqrama uyğun olaraq, iki gün ərzində konfrans çərçivəsində açılış-plenar, plenar, bölmə və yekun iclasları keçiriləcək.
Dekabrın 10-da açılış-plenar iclasda MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, bir sıra tərəfdaş yerli və xarici universitetlərin rektorları çıxış edəcəklər.
Konfransın plenar iclasında AMEA-nın müxbir üzvi Akif Musayev “İşğaldan azad olunmuş ərazilərin bərpası: mövcud vəziyyət və effektiv məskunlaşdırma”, MDU-nun Qazi Universitetindən olan qonaq professoru Ercan Nurcan Yılmaz “4.0 Sənaye inqilabı və kibertəhlükəsizlik”, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov “Müasir dövrdə universitetlər: yeni çağırışlar, trendlər, paradiqmalar və gözləntilər”, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Serqey Nikonorov “Davamlı inkişaf və Paris İqlim Sazişi çərçivəsində biznesin karbon neytrallığına keçidində müasir trendlər”, MDU-nun dosenti Aidə Mustafayeva “Süni intellekt texnologiyalarının inkişaf perspektivləri”, Mykolas Romeris Universitetinin professoru Paulo Pereira “4-cü Davamlı İnkişaf Məqsədi (Keyfiyyətli təhsil) kontekstində ali təhsilin önəmi” və V.Hetman adına Kiyev Milli İqtisadiyyat Universitetinin dosenti Oleksandr Fedirko “Avropada klasterləşmə: Ukrayna üçün təcrübə və perspektivlər” mövzularında məruzə edəcəklər.
Plenar iclasdan sonra konfrans öz işini üç bölmədə (İqtisad elmləri və idarəetmə; Təbiət və texnika elmləri; Təhsil və humanitar elmlər) davam etdirəcək. Bölmə iclaslarında davamlı iqtisadi inkişafın qlobal trendləri, regionların tarazlı inkişafı, ekoloji dayanıqlığın təmini, enerji sektorunun inkişafında müasir tendensiyalar, postpandemiya dövründə dördüncü sənaye inqilabının inkişaf perspektivləri, təhsil sahəsində milli və beynəlxalq təcrübə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni geoiqtisadi və geosiyasi reallıqlar, işğaldan azad edilmiş ərazilərin bərpası və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Dekabrın 11-də beynəlxalq elmi konfransın yekun iclası keçiriləcək.
Beynəlxalq elmi konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 mart 2021-ci il tarixli müvafiq məktubu ilə təqdim olunmuş “Ali təhsil müəssisələrində 2021-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na əsasən təşkil olunur.
ZOOM platforması üzərindən onlayn formatda təşkil olunacaq konfransa "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən təşkilati dəstək verilir. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “Azərbaycan müəllimi” qəzeti, Trend Müstəqil İnformasiya Agentliyi, “Məktəb guşəsi” jurnalı, mi-news.az, AzEdu.az və “Mingəçevir” qəzeti isə media dəstəyi göstərir.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, dayanıqlı inkişafın müxtəlif aspektlərinə dair nəticəyönümlü elmi araşdırmaların aparılmasına, yerli və xarici tərəfdaşlarla birgə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu kontekstdə, 2021-ci ildə MDU-nun tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı təsis olunub.

Regionlar 2021-12-08 16:11:00