×
A
A
A
Sazlamalar

On bir ayda Şəkidə süni mayalanma yolu ilə 2932 baş buzov və balaq doğulub

Şəki, 8 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin 11 ayında Şəki rayonunda 6624 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 baş çoxdur. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə 2932 baş buzov və balaq doğulub. On bir ayda Şəki rayonu üzrə 2225 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 2490 baş cinsi yaxşılaşdırılmış buzova görə 249 min manat subsidiya hesablanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 418 baş damazlıq düyə alınıb. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.
N.Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, ötən 6 ildə Şəki rayonu üzrə 9 min 794 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 11 min 817 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə 1 milyon 181 min 700 manat subsidiya ödənilib.
Sektor müdirinin sözlərinə görə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, 11 ayda Şəki rayonunda ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz, süd istehsalı isə 1,2 faiz artıb.

Kənd təsərrüfatı 2021-12-08 15:43:00