×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev müdafiə nazirinin tapşırığına əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi hörmət və ehtiramla anılıb.
Kursantların sosial-məişət şəraiti və təlim-tədris prosesi ilə maraqlanan Baş Qərargah rəisinə məruzə olunub ki, Hərbi Məktəbdə dərslər müasir metodlar tətbiq olunmaqla tədris edilir. Kursantların hərbi ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi məktəbin əsas fəaliyyət istiqamətlərindən biridir.
General-polkovnik Kərim Vəliyev sinif otaqlarında və təlim sahəsində kursantların nəzəri və praktiki biliklərinin artırılması üçün keçirilən dərs prosesinin gedişini yoxlayıb.
Sonra Hərbi Məktəbin klubunda məktəbin professor və müəllim heyəti ilə görüş keçirilib. Baş Qərargah rəisi çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədə Ali Hərbi Məktəbin yetirmələrinin xidmətlərini xüsusi qeyd edib, Azərbaycan Ordusunun gələcəkdə daha da güclü olması üçün bugünkü kursantların rolunun mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Baş Qərargah rəisi kursant heyətinin qayğıları ilə maraqlandıqdan sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.
Sonda kursantlarla birgə nahar edilib.

Ordu 2021-12-08 15:39:00

Video