×
A
A
A
Sazlamalar

Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlər müzakirə edilib

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında nəqliyyat sahəsinə dair məsələlərin müzakirə edilməsi məqsədilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən “Astara” (Azərbaycan Respublikası) – “Astara” (İran İslam Respublikası) dövlət sərhəd-keçid buraxılışı məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.
Səfər zamanı nümayəndə heyəti, həmçinin tikiləcək körpünün ərazisinə və Astara (İran) Terminallar Kompleksinə baxış keçirib və bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparılıb. Danışıqlar zamanı birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə edilib.

Nəqliyyat 2021-12-08 14:37:00