×
A
A
A
Sazlamalar

Elnur Məmmədov: Azərbaycan həqiqətlərinin beynəlxalq məhkəmələrdə sübut edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik

Bakı, 8 dekabr, AZƏRTAC
Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzündən irəli gələn beynəlxalq hüquqlarının pozulmasına görə beynəlxalq məhkəmələrdə iddialar qaldırıb. Bu faktlar bir neçə beynəlxalq konvensiyanın əhatə dairəsinə aiddir. Hər bir məhkəmə konkret bir konvensiya çərçivəsində şikayətlərə dair qərarvermə səlahiyyətinə malikdir. Buna görə də Azərbaycan bir neçə beynəlxalq məhkəmədə Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalardan irəli gələn şikayətlər qaldırıb.
Azərbaycanın ilk müraciət etdiyi məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsi olub. Bu şikayət həm Azərbaycan, həm də Ermənistanın tərəf olduğu 1950-ci il Avropa Konvensiyası əsasında irəli sürülüb. Şikayətdə Birinci Qarabağ müharibəsi, işğal dövrü, Vətən müharibəsində Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti öz əksini tapıb. Biz siyasi cəbhədə təcavüzü həyata keçirənə və təcavüzə məruz qalana eyni münasibətin göstərilməsindən əziyyət çəkmişik. Bu ilin fevral ayında bununla bağlı şikayət etmişik. Məhkəmədə bu şikayətimizə qarşıdakı illərdə baxılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı dekabrın 8-də keçirilən brifinqdə deyib.
"Azərbaycanın müraciət etdiyi ikinci məhkəmə Beynəlxalq Ədalət Məhkəməsidir. Bu Məhkəmədə də Ermənistan Azərbaycana qarşı əsassız iddia irəli sürüb. Hər iki tərəf məhkəmədə müvəqqəti qərarların qəbul edilməsi üçün vəsatət verib. Məhkəmə illər ərzində yekun qərar çıxarmaq üçün şikayətlərə baxacaq. Ancaq yekun qərar çıxanadək həm Azərbaycan, həm də Ermənistan müvəqqəti qərar çıxarılması üçün vəsatət vermişdi. Oktyabrın 14-dən 19-dək keçirilən dinləmələrdə bu vəsatətə baxılıb. Dinləmələrdə Azərbaycan Ermənistana qarşı sübutlarını təqdim edib. Azərbaycan tərəfini bu proses çərçivəsində ABŞ-dan və Britaniyadan olan peşəkar vəkillər komandası təmsil edib.
Ermənistanın məhkəmə qarşısında əsas vəsatəti Azərbaycanda cinayət törətmiş və saxlanılmış şəxslərin dərhal və qeyd-şərtsiz buraxılmasıdır. Məhkəmədə dinləmələr zamanı Ermənistan tərəfi özlərinə ayrılmış vaxtın böyük əksəriyyətini bu məsələyə həsr edib. Bu tələbi Azərbaycanda həmin şəxslərə qarşı irəli sürülən ittihamların əsassız olması ilə əlaqələndirməyə çalışıblar. Saxlanılan şəxslərə qarşı bütün ittiham aktları, faktlar tərəfimizdən beynəlxalq məhkəməyə təqdim edilib. Nəticədə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı qaldırdığı bu vəsatəti tamamilə rədd edib. Vəsatəti rədd etməklə Məhkəmə Azərbaycanda saxlanılan ermənilərlə bağlı gedən prosesə öz hörmətini göstərib və müdaxilə etməyib", - deyə nazir müavini qeyd edib.
Elnur Məmmədov deyib ki, Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatətinə Azərbaycan sırf hüquqi prizmadan yanaşıb və Məhkəmədən bununla bağlı birdəfəlik qərar qəbul etməsini gözləyib. Azərbaycanın builki mərhələdə daha bir uğuru Ermənistanda Azərbaycana qarşı nifrət nitqi aşılayan şəxslərlə bağlı idi. Bu insanlar Ermənistanda məsuliyyətə cəlb edilmir. Ermənistanda sosial mediada Azərbaycan və türkləri düşmən kimi görən, torpaqların geri alınması ilə bağlı təşviqat aparan və sair işlərlə məşğul olan şəxslərə bir sıra qurumlar, o cümlədən Ermənistan Müdafiə Nazirliyi tərəfindən mükafatlar verilir. Azərbaycan beynəlxalq məhkəmədə bu kimi bütün faktlarla bağlı da vəsatət qaldırıb. Nəticədə Məhkəmə faktları araşdıraraq bütün bunların qarşısını alması ilə bağlı Ermənistanın qarşısında öhdəlik qoyub.
“Azərbaycan Vətən müharibəsindən sonra münaqişənin kökündə dayanan işğala son qoymaqla münaqişənin bitdiyini bildirib. Ölkəmiz qarşılıqlı ərazi bütövlüyünü tanımaqla sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsinin imzalanması üçün Ermənistana çağırışlar edib. Beləliklə, Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmədə sərt qərarlar qəbul etməklə siyasi xal qazanmaq cəhdləri uğursuzluqla nəticələndi. Amma bundan sonrakı mərhələdə biz qərarların qəbulunu daha uzun müddət ərzində gözləyəcəyik və işlər görəcəyik. Azərbaycanın mövqeyi hər zaman olduğu kimi, beynəlxalq hüquqa əsaslanır. Azərbaycan həqiqətlərinin beynəlxalq məhkəmələrdə sübut edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik.
Azərbaycan tərəfi Ermənistana qarşı bir sıra konvensiyalar üzrə, xüsusilə ətraf mühitə vurulmuş ziyan, ekoloji və təbii sərvətlərin talan edilməsi ilə bağlı növbəti il şikayətlər qaldırmağa hazırlaşır. Azərbaycan Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə şikayətlər qaldıracaq. Hansı ki, həmin konvensiyalarda şikayətetmə prosedurları bir-birindən fərqlənəcək. Gələn il Azərbaycan iki konkret istiqamət üzrə şikayət verəcək. Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Təbii ki, bəzi mövcud konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldırması planlaşdırılır. Digər məsələ enerji resursları ilə bağlı olacaq. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə enerji resurslarından qanunsuz istifadə etməsi və istismar faktları toplanır, bununla bağlı iddia qaldırılmasına hazırlaşırıq. İşğal dövründə həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər olub. Konkret şirkətlərin qanunsuz işləri ilə bağlı araşdırmalar aparılır. Bu şikayətlər həmin şirkətlərin aktivlərinə qarşı olacaq. Konkret halda belə şirkətlər müəyyən ediləcək. Şirkətlərin yurisdiksiyası konkretləşdirilərək müvafiq addımlar atılacaq. Çünki bu qərarlar kağız üzərində qalmamalıdır. Ona görə də həmin şirkətlərin müəyyən edilməsi üçün konkret işlər aparılır.
Burada dövlətlərarası şikayətdən söhbət getmir, Qarabağda qanunsuz fəaliyyət göstərmiş şirkətlərə qarşı ayrı-ayrılıqda konkret iddialar qaldırılacaq”, - deyə E.Məmmədov əlavə edib.
Nazir müavini vurğulayıb ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən öncə də digər beynəlxalq təşkilatlarda Hərbi Qənimətlər Parkı ilə bağlı məsələni qaldırmışdı. Yəni, bu, Azərbaycan üçün yeni məsələ deyildi. Ermənistan tərəfi bununla bağlı müxtəlif dövlətlərə də müraciət etmişdi. Bəzi hallarda ermənipərəst qüvvələrin Ermənistanın bu mövqeyinə dəstəyi öz əksini tapıb. Ancaq burada Ermənistan xalqına qarşı hər hansı etnik nifrətdən söhbət gedə bilməz. Bu park tarixlə bağlıdır. 30 il işğal altında qalmış ərazilərdə, Vətən müharibəsində Azərbaycana qarşı istifadə edilən silahlar, nümunələr bu parkda saxlanılır. Hətta Ermənistanın ballistik raketlərdən istifadə etməsi ilə bağlı sübutlar da orada nümayiş olunur. Xaricdən gələn siyasi rəsmilərə, jurnalistlərə bu faktlar göstərilir. Biz məhkəmədə də bəyan etdik ki, bu parkın erməni xalqına qarşı etnik nifrətlə heç bir əlaqəsi yoxdur. Ardınca göstərdik ki, Məhkəmədə bu mövzu ilə bağlı qərar əldə etmək Ermənistan üçün siyasi xal qazanmaq üçün bir addımdır. Siyasi nöqteyi-nəzərdən bu parkın bağlanması Ermənistan üçün çox əhəmiyyətli idi. Amma Məhkəmənin bu mövzuda ədalətli yanaşması bizi sevindirdi.

Siyasət 2021-12-08 14:24:00