×
A
A
A
Sazlamalar

Sabah paytaxtın bəzi yerlərində yağış yağacağı ehtimalı var

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycanda dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10°, gündüz 12-15° isti olacaq. Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz olacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Ekologiya 2021-12-08 14:10:00