×
A
A
A
Sazlamalar

Akademik İradə Hüseynova türkiyəli qonaqlarla Antalyada keçiriləcək konqresin təşkilati məsələlərini müzakirə edib

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə dekabrın 18-dən 21-dək Antalyada “Tibb elmləri və innovasiyalar” mövzusunda 5-ci beynəlxalq konqres keçiriləcək.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, konqresin təşkilati məsələləri AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın İKSAD-ın direktoru Mustafa Lətif Əmək və İKSAD-ın Yayın Evinin direktoru Səfa Saleh Bildirici ilə Biologiya və Tibb Elmləri Bölməsində keçirilən görüşdə geniş müzakirə olunub.
Akademik İradə Hüseynova bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərin ən vacib təməl daşlarından biri Türkiyə - Azərbaycan qardaşlığı, Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə mənəvi dəstəyi olub. Müharibənin ilk günündən Türkiyə Respublikası Prezidentinin bütün dünyaya mesajları, açıq, birmənalı və sərt açıqlamaları Azərbaycana əlavə güc verib, birliyimizin, qardaşlığımızın əbədiliyinin daha bir təzahürü olub. Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərindəki tədbirlərdə, daha sonra Füzuli şəhərində hava limanının açılışında və Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dünyaya verilmiş mesajlar birliyimizin yol xəritəsi hesab edilə bilər.
İradə Hüseynova qonaqlara, həmçinin rəhbərlik etdiyi Biologiya və Tibb Elmləri Bölməsinin strukturu, elmi uğurları, tanınmış xarici mərkəzlərdə çalışan azərbaycanlı alimlər barədə məlumat verib.
Mustafa Lətif Əmək Azərbaycanı Türkiyədən ayırmadıqlarını, ölkəmizin elm və təhsil müəssisələri ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirib. Qonaq qeyd edib ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil edir.
Görüşdə akademik İradə Hüseynova və Mustafa Lətif Əmək bütün digər sahələrdə olduğu kimi, elmi tədqiqatlar və birgə elmi tədbirlərin keçirilməsi üzrə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu vurğulayıblar. Tərəflər AMEA ilə İKSAD-ın birgə təşkilatçılığı ilə onlayn formatda keçirilmiş “Tibb elmləri və innovasiyalar” mövzusunda 4-cü beynəlxalq konqresin, Zəfər Günü və şəhidlərin xatirəsinə həsr olunmuş İkinci Beynəlxalq Qarabağ-Tətbiqi Elmlər Konqresinin uğurları barədə fikir mübadiləsi aparıblar.

Elm və təhsil 2021-12-08 13:07:00