×
A
A
A
Sazlamalar

Dinlərarası dialoq qlobal təhlükəsizliyin qarantı kimi mövzusunda beynəlxalq videokonfrans təşkil olunub

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 7-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyi və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” adlı beynəlxalq videokonfrans keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, DQİDK sədri Mübariz Qurbanlı açılış nitqi ilə çıxış edərək “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” adlı beynəlxalq videokonfransın təşkilində əsas məqsədin müasir dövrdə dünyada dini-etnik zəmində ayrı-seçkilik və radikalizm halları, onların mənfi təsirlərinin qarşısının alınmasında birgə həll yollarının axtarılması, eləcə də bu istiqamətdə ümumi fikir mübadiləsinin aparılması olduğunu qeyd edib. Tədbir iştirakçılarını ölkəmizin dövlət-din modeli, dini mühiti, müxtəlif dini konfessiyalara göstərilən diqqət və qayğı barədə məlumatlandıran Komitə sədri Azərbaycanın dini, irqi və etnik zəmində ayrı-seçkilik, antisemitizmin heç vaxt qeydə alınmadığı dövlətlər sırasında mühüm yer tutduğunu vurğulayıb. Müasir dünyamızda dinlərarası münasibətlər və dialoqun əhəmiyyətini nəzərə çatdıran Mübariz Qurbanlı bəzən bu məsələ ilə bağlı ortaya çıxan ikili standartlar mövqeyinin yolverilməzliyinə, fərqli dini-mədəni dəyərlərə tolerant münasibətin vacibliyinə diqqət çəkib. Bu sahədə Azərbaycanın təcrübəsini paylaşan DQİDK sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Dünya dini liderlərinin sammitləri, Bakı Beynəlxalq Humanitar forumları, Qlobal Bakı forumları, BMT-nin Sivilizasiyalar Alyansının forumları kimi mötəbər tədbirlərin Bakı şəhərində keçirilməsi həm də Azərbaycan dövlətinin dinlərarası dialoqun inkişafı sahəsində apardığı siyasətə beynəlxalq dəstəyin ifadəsidir. M.Qurbanlı parlaq qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun əzmi nəticəsində Azərbaycanın tarixi ərazilərini işğaldan azad etdiyini vurğulayıb. Eyni zamanda, iştirakçıların diqqətini ermənilərin Qarabağ və ətraf rayonların işğalı zamanı törətdiyi vandalizm aktları, Azərbaycan xalqına məxsus olan mədəni-dini irsi yerlə-yeksan etməsi, Qafqaz Albaniyasına aid tarixi-dini abidələrin daxili və xarici görkəmlərinin dəyişdirilərək qriqoriyanlaşdırması kimi faktlara yönəldib. Qeyd edib ki, Azərbaycan regionda yaranmış yeni reallığa uyğun, yeni səhifə açır - işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparır, mənsubiyyətindən asılı olmayaraq bütün tarixi-dini abidələri bərpa edir. Komitə sədri dinlərin insanlara verəcəyi əsas töhfənin onlar arasında vəhdət və harmoniyanın təmin edilməsi olduğunu diqqətə çatdıraraq, dini liderlər tərəfindən irqi, dini ayrı-seçkilik, ekstremizm və separatizmin tənqidinə yönəlik çağırışlar edilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan Respublikasının Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov bildirib ki, bu konfrans dinlərarası münasibətlərə olan marağın və dünya miqyaslı təhlükəsizliyin, eləcə də sabitliyin qorunmasında dialoqun rolunun daha bir sübutudur. O qeyd edib ki, Azərbaycan bu sahəyə böyük önəm verən ölkədir və uzun müddətdir ki, dinlərarası dialoq sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi üçün müxtəlif forumlara, çoxtərəfli görüşlərə ev sahibliyi edir. Səfir onu da qeyd edib ki, dinlərarası dialoqu açıq saxlamaq müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görmək baxımından çox vacibdir. Bu, müvafiq sahədə narahatlıq doğuran məsələlərin səbəblərinin araşdırılması, ksenofobiya, antisemitizm, eləcə də müsəlmanlara, xristianlara və digər dinlərin nümayəndələrinə qarşı qərəzli münasibətin, dini ayrı-seçkiliyin qarşısının alınmasının əsas yollarından biridir. Dövlətimiz həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvü kimi müxtəlif imkanlardan istifadə edərək, sivilizasiyalararası dialoqun dərinləşdirilməsi və möhkəmləndirilməsinə öz töhfəsini verir. Bu istiqamətdə BMT tərəfindən yüksək qiymətləndirilən Bakı prosesini nümunə göstərmək olar.
Avropa Parlamenti-Avropa Xalq Partiyasının Mədəniyyətlərarası və Dinlərarası Dialoq üzrə İşçi Qrupunun həmsədri Yan Olbrixt bildirib ki, dini sahədə dialoq konsepsiyası çox önəmlidir. Dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir.
Avropa İttifaqı Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko (Željana Zovko) çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərliyi ilə dini konfessiya təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyətinin 2018-ci ildə Brüssel səfərini dinlərarası dialoqun məqbul nümunəsi kimi dəyərləndirib. O, bu mövzunun Cənubi Qafqazda son illərdə aktuallıq qazandığını, keşməkeşli günlərdə tolerantlığın münaqişələrin qarşısının alınmasında rolunu nəzərə alaraq təbliğ və təşviq edilməsinin önəmini xüsusi olaraq vurğulayıb.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin moderatorluğu ilə keçirilən “Qlobal təhlükəsizlik kontekstində dinlərarası və mədəniyyətlərarası dialoqun rolu” mövzusuna həsr edilən videokonfransın 1-ci hissəsində çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov siyasi, iqtisadi, ideoloji, dini maraqlar zəminində sivilizasiyalararası ziddiyyətlərə rəvac verən, ümumbəşəri dəyərləri zədələyən konfliktlərlə dolu olan, qlobal təhlükəsizlik problemləri ilə üz-üzə qalan bir dünyada münaqişələrin aradan qaldırılması, dini harmoniya və barışın yaradılması üçün göstərilən səylərin uğursuzluğundan danışıb. Bu uğursuzluğun başlıca səbəbinin mənəvi sferadakı böhran olduğunu vurğulayan sədr müavini, problemdən çıxmaq üçün dinlərarası və mədəniyyətlərarası dialoqa nail olmaq, sülhü, əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin, ən əsası, ölkələrin səylərinin birləşdirilməsinin vacibliyinidən bəhs edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər dinlərin nümayəndələrinin adət-ənənələrinə, həyat tərzinə və düşüncələrinə hörmətlə yanaşılmayan cəmiyyətdə sabitliyə və inkişafa nail olmaq qeyri-mümkündür. Deputat, həmçinin qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olan, ayrı-ayrı inanclara etiqad edən insanların daima sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanın öz tolerantlıq ənənələrini bundan sonra da qoruyub saxlayaraq gələcək nəsillərə çatdıracağını və bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacağını diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov bildirib ki, Azərbaycan Respublikasının din sahəsində apardığı siyasəti təqdirəlayiq nümunə hesab etmək olar. Çıxışçı Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixi-mədəni irsin və milli-mənəvi dəyərlərin dirçəldilməsinə, qorunub saxlanmasına daim böyük önəm verməsindən də danışıb. Bildirib ki, Ümummilli Liderimizin cəmiyyətdə dinin rolu və dövlət-din münasibətlərinin milli dövlətçilik maraqları baxımından tənzimlənməsi sahəsində əsasını qoyduğu müdrik siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rusiya Müftilər Şurasının və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin Azərbaycan Respublikasına dinlərarası dialoqun təşkili üçün göstərdiyi təşəbbüslərdən dolayı minnətdarlığını ifadə edib. Dini liderlərin qlobal təhlükəsizlik naminə əməkdaşlıq etmələrinin vacibliyini bildirən R.Qaynutdin həmkarlarını dünya miqyasında ümumbəşəri dəyərlərin, multikulturalizm, həmrəylik ideyalarının təbliğində birgə olmağa səsləyib.
Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri Zeki Yavuzyılmaz qeyd edib ki, türk mədəniyyətinin ən önəmli xüsusiyyətlərindən biri də birgəyaşayış vərdişinə sahib olmasıdır. O, dialoq mühitinin formalaşdırılmasının missionerliklə qarışdırılmamasının labüdlüyünü dilə gətirərək bu prosesin müxtəlif dinlərə mənsub şəxslərin inancına hörmət çərçivəsində həyata keçirilməsinin önəmini vurğulayıb.
Beynəlxalq Bəhai İcmasının Brüssel Bürosu - Avropa Şurası, Avropa İttifaqı və ATƏT üzrə nümayəndəsi xanım Raşel Bayani vurğulayıb ki, bizim səylərimiz dialoq çərçivəsindən kənara çıxmalıdır. Biz dini icmalar arasında dərin dostluq və mehriban əməkdaşlıq əlaqələrini inkişaf etdirməliyik.
Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri İdarəsinin sədr müavini Arximandrit Filaret Bukekov təmsil etdiyi qurumun sədri Mitropolit Hilarionun (Qriqori Valerieviç Alfeyev) tədbirə ünvanlandığı rəsmi müraciətini oxuyub.
“Həyat sözü” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin sədri Kristian Akerhielm etnik mənsubiyyət və inancın çox vaxt insanların əziyyət çəkdiyi təqiblər və ya təmizlənmələr üçün bəhanə kimi istifadə edilməsinin qəbuledilməz hal olduğunu deyib.
Avropa Ravvinləri Konfransının (CER) Prezidenti Baş ravvin Pinças Qoldşmit, Bolqarıstan Respublikası Müsəlman icmasının baş müftisi Mustafa Alış Hacı və Azərbaycanın Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobili də çıxışlarında beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün dini liderlərin birgə səylərinin artırılmasının və qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan ediblər.
“Tolerantlıq işığında dini və mədəni irsin qorunması” mövzusuna həsr edilən ikinci hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı tolerantlıq, birgəyaşayış mədəniyyəti, qloballaşma və onun fəsadlarından, həmçinin dünyada baş verən müharibə və münaqişələr, konfessiyalar arasındakı ziddiyyətlərdən danışıb. Bildirib ki, dünyada sülh və sabitliyin bərqərar edilməsi üçün müxtəlif mexanizm və təkliflər verilə bilər, ancaq bütün hallarda dəyişməyən bir həqiqət var: bəşəri sülhün ilk şərti fərqli inanca və etnik mənsubiyyətə malik insanlar arasında dözümlülüyü və birgəyaşayış mədəniyyətini bərqərar etməkdir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı ölkəmizdə mövcud olan tolerantlıq mühiti barədə danışıb. Qafqazın ən uzunömürlü dini təsisatlarından olan, bölgə müsəlmanlarının tarixi-dini mərkəzi sayılan Qafqaz Müsəlmanları İdarəsi barədə də məlumat verən sədr müavini, müsəlman idarəsində səlahiyyət daşıyan qadın olaraq, Azərbaycanda qadın hüquqlarına, dini mühitə, ən əsası, dini mühitin demokratikləşməsinə göstərilən diqqət barədə məlumat verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın dinlərarası dialoq platformalarında təcrübəsi, ölkəmizin multikulturalizm ənənələrinin təbliği, Azərbaycanın milli kimliyindən və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın Vətəni olması, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin min illərlə ölkəmizdə dost və qardaş kimi yaşamaqları barədə danışıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı Direktoru Mehman İsmayılov tolerantlığın tarixi, özündə bir çox dəyərləri ehtiva edən dini və mədəni irs barədə məlumat verib, bu gün urbanizasiyanın, texnoloji inkişafın, müxtəlif iqtisadi və sosial layihələrin, ümumilikdə isə modernləşmənin təhdid etdiyi tarixi dini və mədəni irsin qorunması məsələsinin aktuallığından bəhs edib.
Beynəlxalq Bibliya Cəmiyyətlərinin Baş Koordinatoru Dominik Donzelot ölkəmizdə xidmətdə olarkən canlı şahidi olduğu tolerant və multikultural dəyərlərimizdən danışıb. Xalqımızın bütün mədəniyyətlərə və ənənələrə sərgilədiyi tolerantlıq ruhunu yüksək qiymətləndirib.
Avropa Vineyard Xristian dini icmasının Türkiyə və Qafqaz üzrə rəhbəri Levent Kınran bildirib ki, siyasətin kilsəyə və ya əksinə, kilsənin siyasətə qarışmasına imkan verilməməlidir. O, bu səpkili layihələrin dindən alət kimi istifadənin qarşısının alınmasında faydalı olacağına ümidini ifadə edib.
Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin sektor müdiri Araz Bağırlı, Avropa Yəhudiləri Bakı dini icmasının ravvini Şneor Seqal, Yevangelist-Lüteran Kilsəsinin Gürcüstan və Cənubi Qafqaz üzrə rəhbəri Yepiskop Markus Şox, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi Nikonorov, Bakı şəhəri Dağ Yəhudilərinin dini icmasının sədri Milix Yevdayev, Azərbaycandakı Katolik Kilsəsinin Apostol Prefekturasının Ordinarisi yepiskop Vladimir Fekete, Bakıdakı "Azərbaycan Bibliya Cəmiyyəti" Xristian dini icmasının rəhbəri Rasim Xəlilov cəmiyyətimizdə dini konfessiyaların səmərəli fəaliyyətinin həyata keçirilməsi, həmçinin onların cəmiyyət və dövlət həyatında fəal iştirakı üçün yaradılan lazımi şəraitdən, dini məbədlərə verilən dəyərdən söz açıblar.
Beynəlxalq tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

Din 2021-12-08 11:26:00