×
A
A
A
Sazlamalar

BDU-da "Ələsgərəm, hər elmdən halıyam..." adlı ədəbi-bədii gecə keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq mərkəzi və Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə "Ələsgərəm, hər elmdən halıyam..." adlı ədəbi-bədii gecə keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Aşıq Ələsgərin 200 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını aşıq sənətinə verilən yüksək qiymətin və dövlət qayğısının bariz nümunəsi olduğunu deyib. O, BDU-da Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirlər haqqında məlumat verib.
Azərbaycan Aşıqlar Birliyinin sədr, professor Məhərrəm Qasımlı, Milli Məclisin üzvü Naqif Həmzəyev Aşıq Ələsgər sazının və sözünün qüdrətindən, yubileylə bağlı həyata keçirilən tədbirlərdən söz açıb, yubiley tədbirlərinin ilin sonunadək davam edəcəyini, Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılacağını bildiriblər.
Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzinin təqdimatında bədii hissə ilə davam edib. Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, xanəndə, Azərbaycan Dövlət Televiziyasının solisti Malik Həsənov, Aşıq Raminin ifasında Aşıq Ələsgərin şeirlərinə bəstələnmiş musiqi nömrələri təqdim olunub.
Sonda Aşıq Ələsgərin nəticəsi, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli böyük söz ustadının Azərbaycan aşıq sənətindəki yerindən və rolundan söhbət açıb, saz-söz sənəti ilə bağlı bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, İctimai Birlik adından BDU-nun rektoru Elçin Babayevə fəxri diplom təqdim edib, Aşıq Ələsgərin şeirlərdən ibarət yeni nəşr olunmuş kitabları universitetə hədiyyə edib.

Elm və təhsil 2021-12-07 19:14:00