×
A
A
A
Sazlamalar

Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Naxçıvan Dövlət Universitetində olub

Naxçıvan, 7 dekabr, AZƏRTAC

Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener-Trexo Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Diplomatiya kabinəsində keçirilən ikitərəfli görüşdə NDU-nun rektoru Elbrus İsayev qonağı salamlayaraq onu universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor universitetin zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqında məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar və qarşıya qoyulan strateji hədəflər barədə danışan Elbrus İsayev sürətlə modernləşən ali təhsil ocağının beynəlxalq əməkdaşlıq üzrə prioritetlərini diqqətə çatdırıb. Akademik fəaliyyətdə də uğurlara imza atıldığını vurğulayan rektor bildirib ki, universitet müəllimlərinin elmi məqalələr ilə yüksək impaktfaktorlu jurnallara çıxışı təmin edilib. Ali təhsil ocağında yeni qurulacaq texnopark layihəsi çərçivəsində Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələr haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, 1998-1999-cu tədris ilindən etibarən ingilis və fransız dili ixtisasları, hazırda isə Xarici dillər fakültəsində 6 xarici dil üzrə ixtisaslar fəaliyyət göstərir. Rektor diqqətə çatdırıb ki, ali təhsil ocağının fakültəsində İngilis dili və tərcümə və İngilis dili və metodika kafedralarında bu sahə üzrə kadr hazırlığı diqqətdə saxlanılır. Tələbələrə ingilis dili ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı dərslər keçirilir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında yaranmış elmi-mədəni sahələrdə münasibətlərin möhkəmlənməsi və inkişafında Britaniya Şurasının xüsusi rolunun olduğunu qeyd edən Fransis Qardener-Trexo yeni vəzifəyə təyin olunandan sonra muxtar respublikaya səfər etdiyindən şad olduğunu bildirib. Vurğulayıb ki, müəllimlərin təkmilləşdirilməsi üzrə Britaniya Şurası tərəfindən həyata keçirilən layihələr Azərbaycanda peşəkarlığı və səriştəliliyi ilə fərqlənir və müasir təlim texnologiyalarına, fəal, interaktiv təlim metodlarına yiyələnmiş ingilis dili müəllimlərinin formalaşmasına zəmin yaradır. İkitərəfli görüşdə təhsil sahəsində əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.
Sonra ali təhsil ocağının Xarici dillər fakültəsində olan qonaq burada fəaliyyət göstərən İngilis dili mərkəzi, Sinxron tərcümə mərkəzi, linqafon və ingilis və Amerika ədəbiyyatına aid olan bədii əsərlər, tərcümə əsərləri, tələbələrin dərsdənkənar mütaliələri, fəaliyyətləri üçün faydalı olan xarici ölkələr ədəbiyyatı kabinəsində olub, tələbələrin dərs prosesini izləyib. Tələbələrin dərsdənkənar təşkil etdikləri diskussiya klubunda iştirak edən Fransis Qardener-Trexo onların intellektual səviyyələrindən razılığını ifadə edib.

Regionlar 2021-12-07 18:39:00