×
A
A
A
Sazlamalar

İKT əsasında e-ticarət sahəsində biznes modellərinin transformasiyası məsələləri tədqiq olunub

Bakı, 7 dekabr, AZƏRTAC

Hazırda rəqəmsal iqtisadiyyatın əsas sektorlarından biri elektron ticarət sisteminin hazırlanması və tətbiqidir. Elektron biznes təşkilatlara nəinki xərcləri azaltmağa, həm də istehlakçılara əlavə dəyər çatdırmağa əsaslanan yeni biznes modelləri yaratmağa imkan verir. Elektron ticarətdə proqram təminatının modernləşdirilməsi iqtisadi fəaliyyətin inkişafını təmin edir.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Jalə Daşdəmirova Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (НСКФ-2021) yeni İKT əsasında e-ticarət sahəsində biznes modellərinin transformasiyası məsələlərinə dair məruzəsində bildirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzədə ənənəvi biznes modellərinin transformasiya yolları, eləcə də yeni İKT-lərə əsaslanan e-ticarət sahəsində tipologiya və transformasiya imkanları haqqında məlumat verilib. E-biznes sahəsində biznes modellərinin xüsusiyyətləri, həmçinin onların əsas növləri təqdim olunub, biznes modellərinin əsas komponentləri təhlil olunaraq xüsusiyyətləri müəyyənləşdirilib.
Elektron ticarətin Azərbaycan iqtisadiyyatının inkişafında özünəməxsus yeniliklər etdiyini vurğulayan məruzəçi Azərbaycanda elektron biznesin yüksək inkişaf potensialına malik olduğunu bildirib. O, Azərbaycanın elektron ticarət sistemində proqram təminatının modernləşdirilməsinin əsas istiqamətlərini müəyyənləşdirməyin zəruriliyinə toxunub.

Texnologiya 2021-12-07 18:34:00