×
A
A
A
Sazlamalar

Xaçmazda şəhid Cabar Əkpərovun xatirəsi anılıb

Xaçmaz, 7 dekabr, Elxan Yusifli, AZƏRTAC

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Cabar Əkpərovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Suqovuşan döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanın məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.
Anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ailədə üç qardaşdan ən böyüyü olan Cabar Əşrəf oğlu Əkpərov 2002-ci il iyulun 17-də Xaçmaz rayonunun Müşfiq kəndində doğulub. O, kikboksinq idman növü ilə məşğul olub. Beynəlxalq və respublika çempionatlarında qazandığı uğurlara görə 9 medal, 11 diplom və 2 fəxri fərmanla təltif edilib.
Vətən müharibəsi başlayanda əsgərlikdə olan Cabar ilk gündən döyüşlərə qatılıb. Qəhrəman əsgər Murovdağ silsiləsi, Ağdərə və Suqovuşan uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Cabar oktyabrın ilk günü Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşi 67 gün sonra tapılıb və ailəsinə şəhid olması xəbəri çatdırılıb.
Şəhid Cabar Əkpərov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Regionlar 2021-12-07 17:18:00