×
A
A
A
Sazlamalar

Sumqayıtın mədəniyyət işçiləri şəhid İsax Verdiyevin ailəsinə baş çəkiblər

Sumqayıt, 7 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi Vətən Müharibəsi Qəhrəmanı, şəhid İsax Ədalət oğlu Verdiyevin ailəsinə baş çəkib.
İdarədən AZƏRTAC –a bildirilib ki, ziyarət zamanı şəhid İsaxın ailəsi onun döyüş yolundan söhbət açıb, torpaq uğrunda göstərdiyi qəhrəmanlıqlardan fəxarətlə danışıb. Sonra şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, məzarı üzərinə tər qərənfillər düzülüb.
Şəhidimiz 1997-ci il sentyabrın 21-də Tərtər şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İ.Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq savaşıb. O, 2020–ci ilin oktyabrın 5-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ailəli idi, bir oğlu var.
Döyüş əməliyyatlarını və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən İsax Verdiyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Regionlar 2021-12-07 16:32:00