×
A
A
A
Sazlamalar

Azərbaycanda abilimpiya hərəkatının inkişafında Təhsil Nazirliyinin rolu yüksək qiymətləndirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də təhsil nazirinin müavini İdris İsayev ölkəmizdə səfərdə olan Rusiya Milli Abilimpiya Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı nazir müavini ölkəmizdə əlilliyi olan şəxslərin keyfiyyətli təhsilə çıxışının təmin edilməsi istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Nazir müavini bildirib ki, əlilliyi olan şəxslərin təhsil sistemi vasitəsilə biliklərə, bacarıqlara və səriştələrə sahib olması, onların işlə təmin edilməsi və cəmiyyətə inteqrasiyası Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizin müxtəlif peşə sahələrində əlilliyi olan xeyli sayda istedadlı şəxslər fəaliyyət göstərir.
Daha sonra məlumat verilib ki, əlilliyi olan insanların peşə bacarıqlarına yiyələnmələri, mövcud potensiallarını inkişaf etdirmələri və bacarıqlarını cəmiyyətə təqdim etmələri sahəsində daha çox genişmiqyaslı və səmərəli işlərin görülməsinə, istedadlı insanların mövcud potensialları istiqamətində məşğulluğunun artırılmasına ehtiyac var. Nazir müavini abilimpiya hərəkatını əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsində, peşəkar mütəxəssislərin formalaşmasında, peşə standartlarının hazırlanmasında, təcrübə mübadiləsinin aparılmasında mühüm rol oynadığını qeyd edib. O, Təhsil Nazirliyinin nəzdində olan peşə təhsili müəssisələrinin və bu müəssisələrdə təhsil alan əlilliyi olan şəxslərin abilimpiya peşə yarışmalarında aktiv iştirakını zəruri olduğunu bildirib.
Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbəri İqor Qribanov isə abilimpiya hərəkatının tarixi və bu çərçivədə Rusiyada keçirilən tədbirlər haqqında məlumat verib. İqor Qribanov ölkəmizdə abilimpiya hərəkatının inkişafında Azərbaycan Respublikası Təhsil Nazirliyinin rolunu yüksək qiymətləndirib.

Elm və təhsil 2021-12-07 16:21:00