×
A
A
A
Sazlamalar

Xaçmazlı məktəblilər “ağ ölüm”ün törətdiyi fəsadlar barədə maarifləndiriliblər

Xaçmaz, 7 dekabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən maarifləndirici tədbirdə məktəblilər “ağ ölüm”ün törətdiyi fəsadlar və ona qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndiriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonu Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbdə karantin qaydalarına uyğun təşkil edilən tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Həmid Həsənov, təhsil şöbəsinin müdiri İnqilab Musayev, rayon icra hakimiyyətinin məsul işçisi Akif Mövlanov, narkoloji həkim Ağakərim Muradxanov, məktəbin direktoru Anar Nəcməddinli və başqaları çıxış edərək, ölkəmizdə gənc nəslin sağlam böyüməsinə xüsusi qayğı ilə yanaşıldığını, narkomaniyaya qarşı ardıcıl mübarizə aparıldığını diqqətə çatdırıblar.
Xaçmaz RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Kamran Bayramov çıxışında narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin 2021-ci ilin əvvəlindən bu günə kimi rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, pedaqoji kollektivlər məktəblilərin davranışlarını müntəzəm izləməli, siqaret çəkən və digər xoşagəlməz hərəkətlərə yol verən şagirdləri müəyyənləşdirərək aidiyyəti orqanlara vaxtında məlumat verməlidirlər.
Çıxışlarda uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyi bildirilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirilib və məktəbə idman ləvazimatları hədiyyə olunub.

Regionlar 2021-12-07 15:56:00