×
A
A
A
Sazlamalar

Böyük sufi filosofu Seyid Yəhya Bakuvinin müridi Şeyx Yusifin dəfn olunduğu türbə FOTO VİDEO

Xaçmaz, 7 dekabr, Elxan Yusifli, AZƏRTAC

Orta əsrlərə aid Şeyx Yusif türbəsi Xaçmaz rayonunun Şıxlar kəndində yerləşir. Şeyx Yusif böyük sufi filosofu Seyid Yəhya Bakuvinin müridi və davamçısı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, türbədə o dövrün tanınmış dini-ictimai xadimi, filosof Şeyx Yusiflə yanaşı onun həyat yoldaşı, oğlu və müridlərinin qəbirləri də qorunub saxlanılır.
Türbədəki qəbir daşlarının birinin üzərində "Bu qəbir Mövlanə Şeyx Yusif oğlu mərhum Məhəmməd Əminindir. Səkkiz yüz altıncı il" (1403-1404-cü illər) sözləri yazılıb. Digər başdaşılarında isə qeyd yoxdur.
İlk təhsilini atasından alan Yusif doqquz yaşında Quranı mükəmməl oxumağı öyrənib. Sonra özü dərs deməyə başlayıb.
Həccə ziyarətinə, Misir, Qüds, İsgəndəriyyə, Bağdad və Şam şəhərlərinə gedərək oradakı alimlərdən dərs alıb, elmi biliklərini təkmilləşdirib.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Şeyx Yusifə aid edilən "Bəyanül əsrar lit-talibin" və "Silsilətül-uyun" adlı əlyazma əsərləri qorunur.
Abbasqulu Ağa Bakıxanovun məşhur “Gülüstani-İrəm” əsərində Şeyx Molla Yusif haqqında məlumat verib. Əsərdə Şeyx Yusifin hicri təqvimi ilə səkkizinci əsrin ortalarında dünyaya gəldiyi, Seyid Yəhya Bakuvidən bəhrələndiyi qeyd edilib.
Şeyx Yusif uzun illər Şamaxıda daha sonra Qubanın Müşkür əyalətində yaşayaraq dini-ictimai fəaliyyətlə məşğul olub.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin baş mütəxəssisi Nəsibə Bəşirova bildirib ki, Şeyx Yusif türbəsi iç-içə iki otaqdan ibarətdir. Şeyxin məzarı günbəzin altındakı baş otaqdadır. Türbənin həyətindəki ornamentli başdaşları olan qəbirlər də Şeyx Yusifin doğmlarına aiddir.
Azərbaycanın tanınmış epiqrafçı alimi Məşədixanım Nemət qəbirlərin üzərindəki yazıları oxumağa müvəffəq olub. Həmin məzarlarda şeyxin övladı Şeyx Əşrəf və onun oğlanları İsgəndərlə, Tahir dəfn olunublar.
600 ildən çox yaşı olan Şeyx Yusif türbəsi şimal bölgəsində ən çox ziyarət olunan pirlərdən sayılır. Hazırda türbənin əsaslı təmirə, ətrafının isə abadlaşdırılmasına ehtiyac var.
Şıxlar kəndində XIV əsrdə Şeyx Yusifin müridləri tərəfindən inşa olunan qədim məscid də günümüzədək qorunub saxlanılıb. Amma həmin dövrün memarlıq ənənələrini özündə əks etdirən tikilidə uzun illərdir təmir-bərpa işləri aparılmadığından dağılmaq təhlükəsi ilə üz-üzədir.

Regionlar 2021-12-07 12:29:00

Video