×
A
A
A
Sazlamalar

“Heydər Əliyev məktəbi: dövlətçilik strategiyası, gender və müasir reallıqlar” mövzusunda tədbir keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev məktəbi: dövlətçilik strategiyası, gender və müasir reallıqlar” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli açaraq Ulu Öndərə həsr olunan “Heydər Əliyev məktəbi dərsləri”nin akademiyada ənənə halını aldığını söyləyib. Akademik qeyd edib ki, müxtəlif formatlarda fərqli mövzu və yeni simalarla təşkil olunan dərslərin məqsədi ümummilli lider Heydər Əliyevin ideyalarını öyrənmək, həmçinin gənc nəslə çatdırmaqdır.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev bütün böyük və müdrik dühalar kimi yaşadığı dövrün mahiyyətini dərindən görüb, öz aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə Azərbaycan xalqı üçün çətin zamanlarda doğru qərar vermək qüdrətində olub.
Prezident İlham Əliyevi Ulu Öndərin ən yaxşı davamçısı hesab edən İsa Həbibbəyli onun öz uzaqgörən siyasəti ilə Azərbaycanı daima irəli aparmasından, 44 günlük müharibədə qazanılan böyük Zəfərdən, hazırda Zəngəzur dəhlizi ətrafında müzakirələrdə bacarıqlı diplomat kimi fəaliyyətindən, həmçinin müharibədən yeni çıxmış ölkədə ümumi rifahın yüksəldilməsinə yönəlmiş tədbirlərdən söz açıb.
Akademik qeyd edib ki, Prezident İlham Əliyevin ölkə daxilində və beynəlxalq aləmdə nümayiş etdirdiyi aydın siyasi mövqe, möhkəm iradə xalqımıza və ölkəmizə böyük nüfuz qazandırır, daha geniş üfüqlərə doğru addımlamağa güc və qüvvət verir.
AMEA-nın İctimai Elmlər Bölməsinin sədr müavini akademik Nərgiz Axundova “Heydər Əliyev və müasir dövlətçilik” mövzusunda çıxış edib. N.Axundova möhkəm dövlət qurmaq üçün Ulu Öndərin iqtisadi, siyasi məsələlərlə yanaşı, vətəndaş cəmiyyəti formalaşdırmaq yönündə atdığı addımlardan danışıb, milli birlik platforması əsasında yetişən vətənpərvər gənclərin Qarabağı azad etməsini vurğulayıb.
Tədbirdə “Heydər Əliyev və qadın məsələsi”, “Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ulu Öndər haqqında”, “Genderşünaslıq elmdə”, “Heydər Əliyev: cəmiyyət və qadın” mövzularında məruzələr dinlənilib.

Elm və təhsil 2021-12-07 12:20:00