×
A
A
A
Sazlamalar

Təhsil İnstitutu ilə “Bilkent CYBERPARK” arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 7 dekabr, AZƏRTAC

Türkiyənin ən böyük texnoparklarından biri olan “Bilkent CYBERPARK”da Azərbaycanın nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, “Sabah.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, “Bilkent CYBERPARK”ın baş meneceri Faruk İnaltekin, beynəlxalq proqramlarının rəhbəri Okan Yamak iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, görüşdə Təhsil İnstitutu ilə “Bilkent CYBERPARK”ın birgə həyata keçirə biləcəyi layihələr, proqramlar, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Bilkent Universiteti və “Bilkent Holdinq” tərəfindən 2002-ci ildə yaradılmış “Bilkent CYBERPARK” müxtəlif sektorlarda 240 qabaqcıl tədqiqat və inkişaf şirkəti, 5 araşdırma mərkəzi, 1 mikronanoçip fabriki, 4500-dən çox işçi heyəti və 115 min kvadratmetr qapalı sahəsi ilə Türkiyənin ən böyük texnoparklarından biridir və texnologiya əsaslı sahibkarlıq ekosistemində mühüm yerə sahibdir.

Elm və təhsil 2021-12-07 11:30:00