×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi: Zəfər Gününə həsr edilən futzal yarışlarının qrup mərhələsi yekunlaşıb

Bakı, 7 dekabr, AZƏRTAC

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Zəfər Gününə həsr edilmiş futzal yarışlarının qrup mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qrup mərhələsində 33 ali və orta ixtisas təhsili müəssisəsinin komandası 8 yarımqrupda mübarizə aparıb. Oyunların nəticələrinə əsasən, 16 komanda pley-off mərhələsinə vəsiqə qazanıb.
Futzal yarışlarına dekabrın 24-də yekun vurulacaq.
Yarışlar Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçiminin təminatı, tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsidir. Eyni zamanda, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasıdır.

Elm və təhsil 2021-12-07 10:38:00